Accessibility links

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Azərbaycan prezidenti ilə Azərbaycan-Ermənistan sərhədindəki durumu müzakirə edib


Filip Riker və İlham Əliyev (Foto Azərbaycan Prezident Administrasiyasınındır)
Filip Riker və İlham Əliyev (Foto Azərbaycan Prezident Administrasiyasınındır)

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib.

Azərbaycan Prezidentinin rəsmi internet saytında yayılan məlumata görə, görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində “törətdiyi genişmiqyaslı təxribatlar” müzakirə olunub.

Məlumatda qeyd edilir ki, “Söhbət zamanı regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb”.

Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər başlayıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində hücumlar, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirilməsi barədə məlumatlardan dərin narahatdır. Bizim çoxdan aydınlaşdırdığımız kimi, münaqişənin hərbi yolla həlli ola bilməz. Biz istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq,” ABŞ Dövlət Katibinin mətbuat üçün bəyanatında deyilir.

NATO, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəliyi, Avropa İttifaqı Azərbaycan və Ermənistan sərhəddində döyüşlərdən narahatlıqlarını ifadə edib.

ABŞ-ın Azərbaycandakı Səfirliynin məlumatına görə, ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker sentyabrın 13-də və 14-də Azərbaycanda səfərdə olacaq.

“Səfir Riker ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək,” ABŞ Səfirliynin məlumatında qeyd edilir.

Filip Riker Azərbaycana səfərindən öncə Ermənistan və Gürcüstanda olub.

XS
SM
MD
LG