Accessibility links

Filip Riker: ABŞ tərəfi normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazırdır


Azərbaycan xarici işlər naziri ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edib (photo: XİN)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib.

Bu barədə Azərbaycan XİN-nin mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumata görə görüş zamanı tərəflər bölgədə mövcud olan gərgin vəziyyəti və normallaşma prosesinə qayıtmaq üçün mümkün addımları müzakirə ediblər.

"Nazir Ceyhun Bayramov Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində sərhədboyu ərazilərdə baş verən toqquşmalar, son bir neçə ay ərzində Ermənistan tərəfinin destruktiv addımları barədə ətraflı məlumat verib. 13 sentyabr tarixində əldə edilmiş atəşkəsin bir neçə saat sonra Ermənistan tərəfindən pozulduğu və mövqelərimizin intensiv atəşə tutulduğunu bildirib. Nazir Azərbaycanın bölgədə post-münaqişə dövründə yenidənqurma işləri həyata keçirdiyi və sülh təşəbbüsləri ilə çıxış etdiyini, bununla da vəziyyətin gərginləşməsində maraqlı olmadığını vurğulayıb. Nazir Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirməsinin, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb" , məlumatda qeyd edilir.

Öz növbəsində iki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb.

O, bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduqlarını və ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib.

Görüş zamanı, həmçinin normallaşma prosesinin müxtəlif aspektləri, bu istiqamətdə zəruri addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Filip Riker Azərbaycana səfərindən öncə Ermənistan və Gürcüstanda olub.

Xatırlatma

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

ABŞ dövlət katibi Antoni Blinken hər iki tərəfi "bütün hərbi əməliyyatları dərhal dayandırmağa" çağıraraq, münaqişənin hərbi yolla həllinin olmadığını bildirib.

Dövlət katibi Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və ABŞ-ın hərbi əməliyyatları dərhal dayandırmağa çağırdığını qeyd edib.

XS
SM
MD
LG