Accessibility links

Putinin vətənə xəyanətdə ittiham edilməsinə çağıran deputatlar cərimələnib


Sankt-Peterburq məhkəməsi Smolninskoye Bələdiyyə Şurasının deputatları Nikita Yuferev, İvan Çebotar, Anna Kiselyova və Dmitri Baltrukovu Rusiya ordusunu "diskreditasiya" maddəsi ilə (İnzibati Cinayətlər Məcəlləsinin 20.3.3-cü maddəsinin 1-ci hissəsi) cərimələyib. Bu barədə şəhər məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl onlar həmkarları ilə birlikdə Rusiya prezidenti Vladimir Putini dövlətə xəyanətdə ittihamı təklifi ilə Dövlət Dumasına müraciət etmişdilər.

Məhkəmə Yuferevi 46 min rubl, Çebotar, Kiselyova və Baltrukovun hər birini 44 min rubl məbləğində cərimələyib. Həmin cinayət məcəlləsi ilə Smolninski Şurasının digər üzvü, Dmitri Palyuqa da 47 min rubl cərimə olunub. Deputatlar məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədirlər.

Məhkəmə qərarına əsasən, 2022-ci il sentyabrın 7-də axşam saatlarında Palyuqa Smolninskoye bələdiyyəsi binasının girişində Rusiyanın hazırkı hökumətini açıq şəkildə “diskreditə etmək” məqsədi ilə çıxış edib. Palyuqa çıxış edərkən binanın qarşısına toplaşanlar onu dəstəkləyib.

Müraciətdə deputatlar Dövlət Dumasını Putini vəzifəsindən azad etmək üçün onu dövlətə xəyanətdə ittiham etməyə çağırıb. Onlar Putinin Rusiya ordusunun Ukraynaya müdaxiləsi qərarının Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə zərər vurduğunu bildirib. Müraciəti yeddi deputat - Smolninski Şurasının əksəriyyəti dəstəkləyib.

Deputatların bəyanatından sonra məhkəmə Sankt-Peterburq qubernatoruna Smolninskoye Bələdiyyəsi Şurasını buraxmağa icazə verib.

Putinin istefası ilə bağlı çağırışları Moskva, Sankt-Peterburq və Vıborq şəhərlərinin müxtəlif bələdiyyələrindən olan digər bir neçə deputat da edib.

XS
SM
MD
LG