Accessibility links

Azərbaycan Fransaya etiraz notası təqdim edib


Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və bir gün öncə, sentyabrın 18-də Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki erməni icmasının nümayəndələri tərəfindən törədilən hücumla bağlı Xarici İşlər Nazirliyinin etiraz notası Fransa səfirinə təqdim edilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, nazir müavini Xələf Xələfov radikal erməni qruplarının hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirib, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyinin qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib.

“Həmçinin diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib,” Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Mətbuat xidməti idarəsi bildirir ki, Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə müvafiq hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.

Fransa mediası sentyabrın 18-də Azərbaycanın Parisdəki səfriliyinə hücumu əks etdirən foto və videolar yayıb.

XS
SM
MD
LG