Accessibility links

Ancelina Coli daşqınlardan zərər çəkmiş Pakistana səfər edib


Hollivud aktrisası və BMT-nin humanitar yardımçısı Ancelina Coli çərşənbə axşamı Pakistanın cənubunda daşqınlardan ən çox zərər çəkmiş bölgələrdən birinə qəfil səfər edib.

Rəsmilər aylardır davam edən daşqınlar nəticəsində ölənlərin sayının 1559-a yüksəldiyini bildirib.

Televiziya görüntülərində Colinin iyunun ortalarından bəri daşqınların 692 nəfərin ölümünə səbəb olduğu, yüz minlərlə evə ziyan vurduğu və yarım milyon insanı evsiz qoyduğu Sind əyalətinin paytaxtı Kəraçidəki hava limanına gəlişi əks olunub.

Yerli medianın məlumatına görə, daha sonra o, daşqından zərər çəkmiş bəzi ərazilərə baş çəkib.

Tanınmış beynəlxalq yardım qrupu IRC-nin məlumatına görə, Coli dağıdıcı daşqınlardan zərər çəkmiş icmalara dəstək vermək üçün Pakistana səfər edib.

Colinin iyul ayından bəri su yoluxucu xəstəliklərin də 300-ə yaxın insanın ölümünə səbəb olduğu rayonlardan biri olan Daduya səfəri ilə bağlı hökumətdən heç bir şərh verilməyib.

Hazırda həkimlər daşqından sağ çıxanlar arasında su yoluxucu xəstəliklərin yayılmasının qarşısını almağa çalışırlar.

Səfər Pakistanın baş naziri Şahbaz Şərif BMT Baş Assambleyasının 77-ci sessiyası üçün Nyu-Yorkda olduğu vaxta təsadüf edir. Şərif çıxışında yoxsul ölkədə iqlim dəyişikliyinin səbəb olduğu daşqınların vurduğu zərərlərdən danışacaq.

Pakistan daşqınların ölkə iqtisadiyyatına 30 milyard dollar ziyan vurduğunu bildirib.

XS
SM
MD
LG