Accessibility links

Rusiyada qismən səfərbərlik elan edilməsi qonşu dövlətlərin vətəndaşları üçün problemlər yaradır


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Qırğız Respublikası öz vətəndaşlarını Ukraynaya qarşı müharibədə iştirak etməməyə çağırıb.

Qırğız Respublikasının Rusiyadakı Səfirliyi bildirib ki, Rusiya Dövlət Duması tərəfindən Rusiya Silahlı Qüvvələrində xidmət etmək üçün müqavilə bağlamış əcnəbilərin Rusiya vətəndaşlığının sadələşdirilmiş qaydada qəbul edilməsini nəzərdə tutan qanunvericilik aktlarının qəbul edilməsi ilə əlaqədar Qırğızıstan vətəndaşlarını cinayət məsuliyyəti müəyyən edilən xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və ya hərbi əməliyyatlarda iştirak etməkdən çəkindirir.

"Qırğız Respublikası Cinayət Məcəlləsinin 256-cı maddəsinə əsasən, Qırğızıstan vətəndaşları xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştirakına görə əmlakı müsadirə olunmaqla on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qırğız vətəndaşları tərəfindən hər hansı hərbi əməliyyatlarda iştirak etmək üçün çağırış alındıqda Qırğız Respublikasının Rusiyadakı diplomatik nümayəndəliyi ilə dərhal əlaqə saxlanılması xahiş edilir" , səfirliyin məlumatında deyilir.

Özbəkistan və Qazaxıstan hakimiyyəti də bir gün əvvəl oxşar mövqedən çıxış edib.

Özbəkistanın Rusiyadakı səfirliyi vətəndaşları xarici dövlətlərin ərazisində cinayət məsuliyyəti nəzərdə tutulan hərbi əməliyyatlarda iştirak etməmək barədə xəbərdarlıq edib.

"Səfirlik diqqətə çatdırır ki, "Özbəkistan Respublikasının vətəndaşlığı haqqında" qanuna uyğun olaraq, Özbəkistan vətəndaşı olan şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti tanınmır və Özbəkistan Prezidentinin fərmanı verildiyi gündən Özbəkistan vətəndaşlığı itirilir. Diplomatik nümayəndəlik xatırladır ki, Özbəkistan Cinayət Məcəlləsinin 154-cü (Muzdlu) maddəsinə əsasən xarici dövlətin ərazisində silahlı münaqişələrdə və ya hərbi əməliyyatlarda qanunsuz iştirak edən şəxslər on ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilirlər. Səfirlik Özbəkistan vətəndaşlarına xəbərdarlıq edir ki, istisnasız olaraq barəsində Özbəkistan Cinayət Məcəlləsinin yuxarıda göstərilən maddəsi ilə törədilmiş qanunsuz əməl olan bütün şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Səfirlik soydaşlarımızı təxribatlara uymamağa və qabaqcadan düşünməyə çağırır" , Özbəkistanın Rusiyadakı səfriliyi qeyd edir.

Bununla yanaşı Azərbaycanın Rusiyadakı səfirliyi hələ öz internet səhifəsində bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıqla bağlı məlumat yerləşdirməyib.

Azərbaycanın Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsində (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma - qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmək) ölkə vətəndaşları üçün 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavabda deyiblər ki, Baş Prokurorluğun mətbuat xidməti yalnız prokurorluq orqanlarının səlahiyyətləri daxilində olan məsələlərlə bağlı sorğulara cavab verir.

Amma bir neçə il öncə hüquq mühafizə orqanları ölkə vətəndaşlarına Suriyada, İraqda və digər qaynar nöqtələrdə münaqişələrdə iştiraka görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edib.

Rusiyada yaşayan azərbaycanlılar barədə rəsmi statistika yoxdur. Amma miqrasiya məsələləri üzrə ekspertlər Rusiyada 2 milyonadək azərbaycanlının yaşadğını bildirir. Onların böyük əksəriyyətinin Rusiya vətəndaşlığını qəbul etdiyi və ya ikili vətəndaşlığı olduğu təxmin edilir.

Rusiyada qismən səfərbərlik elan edilməsi digər ölkələrlə münasibətlərində yeni çətinliklərə gətirib çıxarıb. Rusiya Dövlət Duması Rusiya ordusunda müqavilə əsasında xidmət göstərən əcnəbilərin sadələşdirilmiş qaydada vətəndaşlığı ala bilməsinə dair düzəlişi qəbul edib.

Azərbaycan Milli Məclisinin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Amerikanın Səsinə deyib ki, Azərbaycanın cinayət qanunvericiliyində Azərbaycan dövlətinin iradəsindən kənarda dövlətin özünün hərbi, siyasi və təhlükəsizlik məqsədləri olmayan əməliyyatlarda iştirak məsuliyyət yaradır.

"Ona görə də, hesab edirəm ki, bu məsələ Azərbaycanın qarşıdakı dövrdə həm qanunvericiləri, həm də dövləti qarşısında mühüm bir təhlükəsizlik çağırışıdır. Bu məsələ mütləq tənzimlənməlidir. Ümumi açıqlamalar da verilməlidir ki, sabah bu müharibənin arealı genişlənib, üçüncü, dördüncü dövlətlər də qoşulanda, bizim vətəndaşlar orada da varsa, əməliyyatlarda hansısa cinahdan iştirak edərsə, belə bir mənzərə yaranır ki, Azərbaycan vətəndaşları bir-birinə fərqli səngərlərdən atəş açırlar və bir-birinin qətlə yetirilməsində iştirak edirlər" , deputat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan vətəndaşının hazırda bir çağırışı var.

"O da bütövlüyümüz uğrunda Ermənistanla bu prosesləri uğurla başa çatdırmaqdır. Bundan sonra isə başqa dövlətlərdən təhlükə olacağı təqdirdə məhz öz dövlətimizin və millətimizin savaşında iştirak etməkdir" - deyə, Zahid Oruc əlavə edib.

XS
SM
MD
LG