Accessibility links

Eskpertlər: Putinin səfərbərlik qərarı Rusiyada Ukraynada müharibəyə daxili müxalifəti gücləndirə bilər


Eskpertlər: Putinin səfərbərlik qərarı Rusiyada Ukraynada müharibəyə daxili müxalifəti gücləndirə bilər
please wait

No media source currently available

0:00 0:03:36 0:00

Eskpertlər: Putinin səfərbərlik qərarı Rusiyada Ukraynada müharibəyə daxili müxalifəti gücləndirə bilər

ABŞ-ın yüksək səviyyəli rəsmiləri Rusiya prezidenti Vladimir Putinin Ukraynada döyüşmək üçün 300 min əsgəri səfərbər etmək planlarını zəiflik əlaməti adlandırır və Moskvanın “çətinliklərlə qarşılaşdığını” qeyd edir. Ekspertlər Putinin ehtiyatda olan hərbçiləri səfərbər etməsini Rusiya daxilində Ukraynaya yeddi aydır davam edən hərbi müdaxiləynə qarşı daxili müxalifəti artıra biləcəyini, eyni zamanda bunun Rusiyanın döyüş meydanında effektivliyinə təsirinin qeyri-müəyyən olaraq qaldığını bildirir.

Rusiya prezidenti Vladimir Putin Moskvanın Ukraynaya qarşı apardığı müharibədə ciddi eskalasiya elan edərək, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq Rusiya qüvvələrinin səfərbər edilməsinə çağırıb. Putin bu addımın əhəmiyyətini kiçiltməyə çalışıb.

Vladimir Putin, Rusiya prezidenti: “Bir daha deyirəm. Söhbət qismən səfərbərlikdən gedir. Yəni, yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar hərbi xidmətə cəlb olunacaqlar.”

Lakin Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynaya göndərilmək üçün ehtiyatda olan 300 min rusiyalı hərbçinin çağırılacağını açıq şəkildə bildirib.

Katolik Universitetində Rusiya üzrə ekspert Maykl Kimmeyc Amerikanın Səsinə bildirib ki, bu addımı heyrətləndirici hesab edir və səfərbərliyin müharibənin nəticələrinə necə təsir edəcəyinin məlum olmadığını düşünür.

Katolik Universitetində Rusiya üzrə ekspertMaykl Kimmeyc: “Düşünürəm ki, daha vacib sual bu çağırışçıların döyüş qüvvələrinə effektiv şəkildə inteqrasiya edib-etməməsi və hətta bacarsalar belə, bunun Rusiyanın Ukraynadakı strategiyasında əldə olunandan fərqli nəticələrə gətirib çıxara biləcəyi ilə bağlıdır. Hələlik bu, qalibiyyət strategiyası deyil. Buna görə də qeyri-effektiv strategiya ilə daha çox əsgərin olması vacibdirmi? Bu, aydın deyil, lakin səfərbərlik şübhəsiz ki, davam edəcək və bu, daha geniş müharibədə ilk addım ola bilər”.

Kimmeyc deyir ki, bu səfərbərliklə Putin rus xalqı ilə onun müharibə səylərindən əsas etibarilə kənarda qalacağına dair yazılmamış müqaviləni pozub.

“Beləliklə, əgər bir həftə bundan əvvəl Moskvada və ya Sankt-Peterburqda 25 yaşlı bir kişi müharibənin kiminsə başqasının işi olduğunu deyə bilirdisə, bu gün bu, daha az inandırıcıdır. Buna görə də siz nəticədə bəzi insanların ölkədən çıxmağa çalışdığını görə bilərsiniz.”

Rusiya prezidenti həmçinin Qərbi nüvə şantajında ittiham edib:

“Ölkəmizin ərazi bütövlüyü təhlükə altına alınarsa, biz şübhəsiz ki, Rusiyanı və xalqımızı qorumaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik.”

Putin daha sonra əlavə edib: “Bu, blef deyil.”

Lakin Bellingcat qrupunun əməkdaşı Hristo Grozev Amerikanın Səsinə deyib ki, o, Putinin pərdələnmiş nüvə təhdidlərini saxta hesab edir.

“Xüsusilə Putinin zəif olduğu bir vaxtda zabitlər belə bir əmrə tabe olmaya bilərlər, çünki zəif Putin onları gələcək tribunaldan və ya gələcəkdə ədalət qarşısına çıxarılmaq və hətta onları qorumaq üçün mənəvi ədalətdən müdafiə edə bilməz. Ona görə də düşünürəm ki, Putinin nüvə silahından istifadə edə biləcəyini söyləməsində blef var və bundan istifadə haqda göstəriş verməsi ehtimalı çox azdır”.

Putinin ən nüfuzlu rəqibi, həbsdə olan Rusiya müxalifət lideri Aleksey Navalnı çərşənbə günü məhkəmədə video müraciətlə çıxış edib. O, qismən səfərbərliyin qan tökülməsinə və “kütləvi faciələrə” səbəb olacağını deyib.

Moskva və digər şəhərlərdə etirazçılar çərşənbə günü axşam saatlarında Putinin ehtiyatda olan hərbçiləri səfərbər etməsinə etiraz olaraq küçələrə çıxıblar. Çoxları polis tərəfindən saxlanılıb.

XS
SM
MD
LG