Accessibility links

2023-cü ilin dövlət büdcəsinin layihəsi, ərzaq təhlükəsizliyi və ekspert rəyi


Baş nazir Əli Əsədov büdcə müzakirəsi zamanı (Rəsmi foto)
Baş nazir Əli Əsədov büdcə müzakirəsi zamanı (Rəsmi foto)

2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat, xərcləri 33,3 milyard manat səviyyəsində nəzərdə tutulub. Büdcə kəsirinin ÜDM-ə nisbəti 2,4% təşkil edəcək.

Bu barədə Nazirlər Kabinetinin 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunan iclasında Baş nazir Əli Əsədov deyib.

Dünya ərzaq bazarlarındakı vəziyyət əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini  aktuallaşdırır.
Əli Əsədov, baş nazir

Onun sözlərinə görə, 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2% çox olacaq.

İclasda qeyd edilib ki, dünya ərzaq bazarlarındakı vəziyyət əksər ölkələrdə olduğu kimi Azərbaycan üçün də ərzaq təminatı və ərzaq təhlükəsizliyi, idxaldan asılılıq səviyyəsinin azaldılması məsələlərini aktuallaşdırır.

“Hazırda qlobal miqyasda əsas çağırışlardan olan ərzaq təhlükəsizliyi tədbirləri üçün dövlət büdcə xərclərinin həcmi artırılacaq,” baş nazir qeyd edib.

2023-cü ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üzrə büdcə xərcləri cari illə müqayisədə 20,5% çoxdur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsində 3 milyard manat vəsaitin nəzərdə tutulduğu diqqətə çatdırılıb.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, 2023-cü ilin dövlət büdcəsi layihəsində əvvəlki illərin dövlət büdcəsi ilə müqayisədə fərqli yanaşma yoxdur.

“Yeni ilin büdcə layihəsində nə yeni vergi siyasəti, nə yeni gömrük siyasəti, nə də daha azad və rəqabətli biznes mühiti ilə bağlı fərqli yanaşma görmürük. Eyni tendensiyadır. Uzun illərdir bəlli bir bəsit formula, büdcəsinin artırılmasının şahidi oluruq,” o qeyd edib.

Ekspertin fikrincə, hər il bəlli bir ölçüdə sosial xərclər, müdafiə xərcləri artırılır.

“Yeni ilin büdcə layihəsində nə yeni vergi siyasəti, nə yeni gömrük siyasəti, nə də daha azad və rəqabətli biznes mühiti ilə bağlı fərqli yanaşma görmürük.
Natiq Cəfərli, ekspert

“Sosial müdafiə xərcləri gələn il bu ilə nisbətən 7 faizdən çox artırılacaq. Amma sosial xərclərin problemi ondadır ki, ünvanlı və əlçatan deyil. Yəni, sosial xərclərin həcmi az deyil, büdcənin 40 faizinə yaxındır. Bu yaxşı göstəricidir. Amma onun bölüşdürülməsi və əlçatanlığında problem olduğu üçün effektinin az olduğunu görürük. Yəni əhalinin dolanışığında, sosial vəziyyətinin yaxşılaşdırılmasında ünvanlı yardımların az olduğunu görürük. Belə ki, ayrılan vəsaitlərin ünvana çatmasının şahidi ola bilmirik. Bu problemləri kökündən həll edə bilmir.”

Ərzaq təhlükəsizliyi məsələsinə gəlincə Cəfərli bildirib ki, dotasiya sistemi qalacaq və həcmi artırılacaq.

“Bu da məsələni kökündən həll etmir. Ərzaq təhlükəsizliyi məsələsinə iki yöndən baxılmalıdır. Birincisi, istehsal artırılmalıdır, stimullaşdrıma proqramları olmalıdır. İkincisi isə ölkədə istehsalı olmayan məhsulların bazara çıxarılmasını sadələşdirmək lazımdır. Məsələn, ərzaq məhsullarının vergi yükünün azaldılması, yəni əlavə dəyər vergisinin, gömrük rüsumlarının azaldılmasıdır. Bu da ərzaq təhlükəsizliyi konsepsiyasının tərkib hissəsi kimi ola bilər. Təəssüf ki, belə yanaşmanı da görmürük,” o qeyd edib.

Cəfərli deyib ki, hazırda büdcənin ilkin parametrləri açıqlanıb.

“Sənəd ictimai müzakirələrə təqdim ediləndə təkliflərimizi irəli sürəcəyik. Sosial yardımların ünvanlı olması ilə bağlı, məsələn hər ikinci uşağa görə uşaq pulunun verilməsinin qanuniləşdirilməsi, vergi siyasəti ilə bağlı təkliflərimiz olacaq. Biz üç ay bundan öncə ərzaq məhsulları və dərman preparatlarında əlavə dəyər vergisinin 18 faizdən 2 faizə endirilməsi ilə bağlı təkliflərlə çıxış etmişik. Ümid edirəm ki, bu təkliflərin nəzərə alınması büdcə parametrlərinin pozitivə doğru dəyişməsinə kömək edə bilər,” ekspert deyib.

XS
SM
MD
LG