Accessibility links

İran Azərbaycanında etirazlar kiçik şəhərlər və qəsəbələrə də yayılıb


İranda gənc yaşlı Məhsa Əmininin öldürülməsi ilə başlanan kütləvi etirazlar İran Azərbaycanının kiçik şəhərlər və qəsəbələrinə yayılıb.

Sosial şəbəkələr, habelə Güney Azərbaycan Televiziyası (Günaz TV) və Aznews TV kimi xəbər saytlarında yayılan məlumata görə, Təbriz, Urmiyə, Ərdəbil, Zəncan və Həmədan kimi vilayət mərkəzlərində aksiyalar davam edərkən çox sayda etirazçı Mərənd, Nəğədə, Sulduz, Üşnü, Xiyav, Qoşaçay, Məlikkəndi və Əbhər kimi şəhərlərdə küçələrə çıxıb.

Sosial şəbəkələrdə yayılan xəbərlər və görüntülərə əsasən, aksiyalara qatılanlar bir çox şəhərdə polis, habelə hərbi və mülki geyimli qüvvələrin zorakılığına məruz qalıblar. Təbriz başda olmaqla bəzi şəhərlərdə banklar və bəzi dövlət binaları yandırılıb.

Keçən həftə Tehranda baş örtüyü ilə bağlı qaydaları pozduğu iddiası ilə əxlaq polisi tərəfindən nəzarət altına alınan 22 yaşlı Məhsa Əmininin ölümündən sonra baş qaldıran etirazlar İslam Respublikasında 2019-cu ildən bəri keçirilən ən böyük etirazlardır.

Amerikanın Səsinə danışan şahidlərin bildirdiyinə görə, hazırki etirazlar qadınlar, gənclər və hətta yeniyetmələrin yüksək iştirakı ilə digər kütləvi etirazlardan fərqlənir.

İran Azərbaycanının müxtəlif şəhərlərində təşkil olunan etirazların videolarında iştirakçıların “azadlıq, ədalət, milli hökümət” və “qadın-kişi əl-ələ, zülmün başını əzməyə” kimi şüarlar səsləndirdiyi eşidilir. Etirazçılar həmçinin İranın ali lideri Seyyid Əli Xameneyinə qarşı şüarlar səsləndirirlər. Bəzi videolarda “ölüm olsun Xameneyinə” şüarı eşidilir.

XS
SM
MD
LG