Accessibility links

Xameneinin Qərbi Azərbaycandakı nümayəndəsi etirazçılarla ən sərt şəkildə mübarizə aparılmasına çağırıb


İranda Məhsə Əmininin ölümü ilə bağlı keçirilən etiraz aksiyası
İranda Məhsə Əmininin ölümü ilə bağlı keçirilən etiraz aksiyası

Əli Xameneinin Qərbi Azərbaycan vilayətindəki nümayəndəsi Mehdi Qureyşi bütün hərbi və təhlükəsizlik qüvvələrindən iğtişaşçı adlandırdığı etirazçılarla mümkün olan ən sərt şəkildə mübarizə aparmalarını istəyib.

İranın dini liderinin Qərbi Azərbaycan vilayətindəki nümayəndəsi məhkəmə, ordu, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrini "bütün güc və qüdrətləri ilə" etirazçıları yatırmağa çağırıb.

O, etiraz edən insanları iğtişaşçılar adlandırıb və Amerika Birləşmiş Ştatlarını iğtişaşları dəstəkləməkdə ittiham edib.

Qureyşi məhkəmə hakimiyyəti və təhlükəsizlik qüvvələrinin rəsmilərinə də müraciət edərək, etirazçıların yatırılmasında və onlara qarşı mübarizədə "zərrə qədər güzəştə getməmələrini" istəyib.

Vilayət ədliyyə orqanının rəhbəri Nasir Ətəbati də etirazların davam edəcəyi təqdirdə, etirazçıların ordu və təhlükəsizlik qüvvələri tərəfindən ciddi şəkildə repressiyaya məruz qalacaqlarını açıqlayıb.

İranın əxlaq polisinin nəzarətində olan Məhsa Əmininin ölümündən sonra baş verən etirazlar dinc etiraz aksiyaları şəklində başlasa da, İran İslam Respublikasının təhlükəsizlik və hərbi qüvvələrinin sərt rəftarı ilə həmin etiraz aksiyaları zorakılığa çevrilib.

Sosial şəbəkələrdə yayılan videolarda İran hökumətinin hərbi qüvvələrinin birbaşa xalqa silah doğrultduğu göstərilir.

İran hakimiyyəti etirazçıları dini müqəddəslərə təhqir etməkdə ittiham edir.

İran İslam Respublikasının Bakıdakı sabiq səfiri cənab Əfşar Süleymani öz Twitter hesabında İran hakimiyyətinin etirazçılara qarşı münasibətini tənqid edib. Cənab Süleymani hakimiyyət tərəfdarlarının küçələrə gətirilməsi və nümayişlərin keçirilməsi haqda yazıb ki, "Əsl güc nümayişi, o zaman olar ki, hakimiyyəti tənqid edənlərə də aksiya keçirmək imkanı verilsin. Görünən güc deyil, zəiflikdir."

O, həmçinin İran İslam Respublikası Konstitusiyasının 27-ci maddəsinə toxunaraq, "İslam prinsiplərinə xələl gətirməmək" şərti ilə silah daşımadan toplantı və yürüşlərin keçirilməsinə icazə verildiyini qeyd edib və hakimiyyəti hər hansı bir müxalif aksiyaların keçirilməsinə icazə vermədiyi üçün tənqid edib.

XS
SM
MD
LG