Accessibility links

İlahiyyatçı Abgül Süleymanov 11 il həbs müddəti bitdikdən sonra azadlığa çıxıb


Abgül Süleymanov
Abgül Süleymanov

Sentyabrın 30-da ilahiyyatçı Abgül Süleymanovun həbs müddəti başa çatıb. O, 11 il həbs cəzasından sonra azadlığa buraxılıb.

Abgül Süleymanov ona olan ittihamları rədd edib: “Mən həbsimi düzgün hesab etmirəm, azad söz demişəm, ona görə adamı saxlamazlar və ona görə də narkotik qoymazdılar üstümüzə. Həbsimin əsl səbəbi hökumətə qarşı sərt çıxışlarım idi”.

İlahiyyatçı hazırda Azərbaycanda dini azadlıqların nisbətən daha yaxşı təmin olduğunu bildirib.

“İndi vəziyyət yaxşıdır, məscidlər sökülmür, hicaba qadağa qoyulmur, biz də elə buna görə etiraz etmişik. Məscidlər sökülürdü deyə etiraz elədik, məktəblərdə hicaba qadağa var idi ona görə etiraz etmişdik. Bizim dinimizlə heç kimin işi olmasın, bizim də heç kimlə işimiz yoxdur”, deyə Süleymanov deyir.

Abgül Süleymanov həbsxana şəraitindən danışıb. O deyir ki, bəzi Cəzaçəkmə Müəssisələrində şəraiti yaxşı olub, bəzilərində isə pis. İlahiyyatçı öz müsahibəsində bildirib ki, həbs onun fikirlərini dəyişməyib, o öz fikirlərində qalıb:

“Nə vaxtsa dinimizə qarşı aqressiya olsa, dinimizə qarşı çıxsalar, dini alimləri yığışdırmaq istəsələr, biz yenə də danışacağıq. 11 il bizi saxlaya bilməz”.

Süleymanov həbsdə ona əfv yazmağı təklif edildiyini deyib, o isə buna rədd cavabı verdiyini bildirib.

Abgül Süleymanov 2011-ci ilin avqustunda həbs olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilib.

Süleymanov ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və insanları itaətsizliyə təhrik etməkdə ittiham edilib.

İddia olunub ki, Abgül Süleymanov saxlanılarkən üzərindən 23,7 qram narkotik götürülüb, eyni zamanda, mənzilindən silah-sursat tapıldığı bildirilib.

Lakin Süleymanov özünü təqsirli bilməyib, ittihamların böhtan olduğunu söyləyib.

Hüquq müdafiə təşkilatları Süleymanovu siyasi məhbus kimi tanıyıblar.

Abgül Süleymanov hicaba qoyulan qadağalar görə 2011-cu ildə Təhsil Nazirliyinin qarşısında keçirilən etiraz aksiyalarının təşkilatçılarından olub.

XS
SM
MD
LG