Şənbə günü İran boyu etirazlar davam edib, bundan əlavə ölkənin kürdlərin çoxluq təşkil etdiyi bölgəsində tətillərin keçirildiyi bildirilib. Bununla da gənc qızın polisin nəzarətində ikən ölümündən sonra başlayan nümayişlər üçüncü həftəsinə daxil olub.
İranın Kürdüstanından 22 yaşlı Məhsa Əmininin ölümünün səbəb olduğu etirazlar İranın 2019-cu ildən bəri İranın dindar hakimiyyətinə qarşı ən böyük etiraz nümayişinə çevrilib və ölkədə baş verən iğtişaşlarda onlarla insan həlak olub.
Şənbə günü London, Paris və başqa şəhərlərdə də insanlar iranlı etirazçılara həmrəylik nümayişi keçirib, bəziləri əllərində İslam Respublikasının əxlaq polisi tərəfindən "uyğun olmayan geyimə" görə həbs edildikdən üç gün sonra həyatını itirən Əmininin şəkillərini tutublar.
İranda isə sosial media postlarında Tehran, İsfahan, Rəşt və Şiraz daxil olmaqla böyük şəhərlərdə nümayişlərin olduğu göstərilib.
Tehranın ənənəvi biznes rayonu Bazaarda hökumət əleyhinə etirazçılar “Biz birləşməsək bir-bir öldürüləcəyik” şüarını səsləndiriblər. Twitter-də çox sayda izləyicisi olan Tavsir1500 hesabında paylaşılan videolarda göstərilir ki, şəhərin başqa hissəsində etirazçılar mərkəz rezervasiyasından qoparılan hasarla əsas küçəni bağlayıblar.
Bundan əlavə çox sayda universitetlərdə tələbələr nümayişlər keçiriblər. Tavsir1500 bildirib ki, Tehran Universitetində onlarla tələbə saxlanılıb. Yarı-rəsmi Fars xəbər agentliyi deyib ki, bəzi etirazçılar universitetin yaxınlığındakı meydanda saxlanılıblar.
Tavsir1500 həmçinin İsfahan Universitetinin girişində çəkildiyini bildirdiyi video paylaşıb və həmin videoda güllə səsləri eşidilir. Bir başqa videoda bir qrup insanı dağıtmaq üçün universitetdə gözyaşardıcı qazdan istifadə edildiyi bildirilir.
Reuters sosial mediada yer alan məlumatları yoxlaya bilməyib.
Etirazlar sentyabrın 17-də Əminin dəfn mərasimində başlayıb və İranın 31 vilayətinə yayılıb. Bu etirazlarda etnik və dini azlıqlar da daxil olmaqla cəmiyyətin bütün təbəqələrindən insanlar iştirak edir və bir çoxları Ali Ruhani Ayətullah Əli Xameneinin devrilməsini tələb edirlər.
Amnesty International bildirib ki, hökumətin nnümayişçilərə qarşı təqibləri azı 52 nəfərin ölümünə, yüzlərlə insanın xəsarət almasına gətirib çıxarıb. İnsan hüquqları qrupları bildirir ki, onlarla fəal, tələbə və sənətçi saxlanılıb.
Londonda təxminən 2500 insan Trafalqar meydanında səsli etiraz keçirib. Əsasən iranlılardan ibarət qrupda kimliklərinin müəyyən edilməsi və qisas qorxusu səbəbilə kamera önündə müsahibə verməyə çox az sayda qadın razılaşıb.
Parisin mərkəzində onlarla insandan ibarət bir qrup iranlı etirazçılara dəstək nümayişi səbəbilə bir araya gəlib. Onlar əllərində İran bayraqları və etirazlarda ölən qurbanların şəkilərini nümayiş etdiriblər.