Accessibility links

OPEC neft hasilatını azaldacaq


Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Rusiya və digər neft istehsalçıları ilə birlikdə çərşənbə günü hasilat hədəflərini gündə 2 milyon barel azaldacaqlarını açıqladı. Bu, Moskvaya Ukrayna ilə müharibəsini maliyyələşdirməyə və ABŞ Prezidenti Co Baydenin amerikalılar üçün benzin qiymətlərini daha da aşağı salmaq imkanına zərbə vurdu.

Bayden iyul ayında Səudiyyə Ərəbistanına səfər edərək, ABŞ-dan sonra dünyanın ikinci ən böyük neft istehsalçısını hasilatı azaltmaqdan yayınmağa inandırmağa çalışmışdı. Lakin belə görünür ki, onun bu cəhdi faydasız olub.

Ağ Ev rəsmiləri Vyanada OPEC+ koalisiyasına mənsub 23 ölkənin qərarını atəşə tutub. Təhlilçilər deyir ki, bu qərar qarşıdan gələn aylarda qlobal tənəzzül riskini artıra bilər. Xam neftin qiyməti dünya bazarında artıq aylardır azalırdı, ancaq OPEC-in hasilatı kəsəcəyinə dair gözləntilər səbəbilə son günlərdə artıb.

Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Milli İqitsadiyyat Şurasının direktoru Brayan Dis bəyanat yayaraq bildiriblər ki, prezident "dünya iqtissadiyyatı [Rusiya Prezidenti Vladimir] Putinin Ukraynanı işğalının davamlı mənfi nəticələrindən təsirləndiyi bir vaxt "OPEC+"ın darfikirli hasilat kvotalarını kəsmək qərarından məyusdur".

"Qlobal enerji təchizatını qoruyub saxlamağın böyük əhəmiyyət kəsb etdiyi bir vaxtda bu qərar onsuz da artan enerji qiymətlərindən əziyyət çəkən aşağı və orta gəlirli ölkələrə çox böyük mənfi təsiri olacaq" , Sallivan və Dis deyib.

Noyabrda qüvvəyə minəcək

OPEC+ koalisiyası deyib ki, hasilatın gündə 43.8 milyon bareldən 41.8 milyona azaldılması qərarı noyabrın 1-də qüvvəyə minəcək. Bu ilk dəfədir ki, OPEC 2020-ci ilin mart ayında koronavirus pandemiyası başlayandan bəri hasilat hədəflərini azaldır, baxmayaraq ki, koalisiya bu il gündəlik hədəfindən 3 milyon barel daha az neft hasil edir.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi neft istehsal edən ölkələrin hasilatının aşağı olması səbəbilə yeni OPEC+ razılığının əhəmiyyətini kiçildib.

"Müəyyən mənada hasilatın azaldılması onları həqiqi hasilata yaxınlaşdırır" , o deyib.

Bununla belə neft istehsalçıları bu ilin əvvəlində bareli 100 dolları keçən, lakin son dörd ayda 32% ucuzlaşan və çərşənbə günü OPEC-in bəyanatından sonra bir barel üçün 93 dollara yüksələn dünya xam neft qiymətindəki azalmanı cilovlamağa ümid edirlər.

Yay aylarında xam neftin qiymətinin azalması ilə ABŞ-da benzinin qiyməti düşmüşdü və bu da Baydenin ölkədə etimad reytinqini artırmışdı.

Bir il öncə ABŞ-da benzin qiymətləri bir qalonu (3.78 litr) ortalama 3.20 dollar idi və bəzi ştatlarda qiymətlər son aylarda bu səviyyəyə düşüb. Ancaq indi xam neftin qiyməti artmaqda davam etdiyi bir vaxt Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ölkə üzrə orta qiymət bir qallon üçün 3.83 dollardır.

XS
SM
MD
LG