Ukraynanın cənub-şərqində yerləşən Zaporijye şəhərində gecə vaxtı mülki hədəflərə qarşı artilleriya zərbələri nəticəsində ən azı 17 nəfərin öldüyü bildirilir. Məlumatlara əsasən, daha onlarla insan xəsarət alıb.
Avropa İttifaqının baş diplomatı şənbə günü Rusiyanın Zaporijye Nüvə Stansiyasını ilhaq etmək cəhdini “mümkün olan ən sərt şəkildə” qınayıb və Rusiya qüvvələrinin tam şəkildə stansiya ərazisini tərk edərək, oranı Ukraynanın nəzarətinə geri qaytarmalı olduğunu bildirib.
Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Josep Borrel Rusiyanın nüvə stansiyasının ələ keçirilməsini "qeyri-qanuni" adlandırıb və əlavə edib ki “Beynəlxalq Atom Enerjisi Agentliyinin stansiyasda mövcudluğuna və stansiyaya maneəsiz çıxışına Avropanın tam olaraq təhlükəsizliyi baxımından təcili şəkildə ehtiyac var.”
Beynəlxalq Atom Enerjisi Agentliyinin verdiyi məlumata görə, şənbə günü səhər saatlarında Avropanın ən böyük olan Zaporijye nüvə stansiyası Rusiyanın artilleriya zərbəlləri nəticəsində özünün yeganə xarici enerji mənbəsini itirib və yalnız dizel generatorların ümidinə qalıb.
Nüvə stansiyasının altı reaktorunun hər biri söndürülüb, amma onların sərin saxlanılması və digər təhlükəsizlik funksiyaları üçün enerjiyə ehtiyac duyulur. BAEA-nin bildirdiyinə görə, mühəndislər zədələnmiş enerji xəttinin bərpasına çalışırlar.