Accessibility links

ABŞ Dövlət katibi Azərbaycan və Ermənistan liderləri ilə telefonla danışıb


İlham Əliyev, Antoni Blinken və Nikol Paşinyan
İlham Əliyev, Antoni Blinken və Nikol Paşinyan

ABŞ Dövlət katibi Antoni Blinken oktyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Bu barədə ABŞ Dövlət Departramentinin sözçüsü Ned Praysın Blinkenin Azərbaycan prezidenti Ermənistanın baş naziri ilə telefon danışıqları ilə bağlı açıqladığı iki bəyanatda bildirilir.

Bəyanatlarda dövlət katibi Antoni Blinkenin ayrı-ayrı telefon danışığında Azərbaycan və Ermənistanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı müsbət addımları, o cümlədən xarici işlər nazirləri və liderlər arasında son birbaşa danışıqları yüksək qiymətləndirdiyini bildirib.

Blinkenin oktyabrın 4-də Azərbaycanın 17 hərbi əsiri Ermənistana təhvil verməsini alqışladığı və sülh prosesini dəstəkləmək üçün məhdud vaxtda ölçülə bilən addımları davam etdirməyə çağırdığı bildirilir.

ABŞ dövlət katibinin həmçinin baş nazir Paşinyanı sülh prosesini dəstəkləmək üçün məhdud vaxtda ölçülə bilən addımlar üzərində Azərbaycanla işi davam etdirməyə çağırdığı qeyd edilib.

Bəyanatlara əsasən, dövlət katibi Blinken sərhədlərin dəqiq delimitasiyası, nəqliyyat əlaqələri, itkin düşən şəxslərin axtarışı və müəyyənləşdirilməsi, məhbusların qaytarılması və digər məsələlər də daxil olmaqla, ABŞ-ın dəstəyini bir daha təsdiqləyib.

Blinkenin həmçinin etimad yaratmaq üçün Avropa İttifaqının mülki missiyasının Azərbaycanla sərhəddə yerləşdirilməsi planlarını alqışlaşdığı bildirilib.

“O, Dağlıq Qarabağ sakinləri üçün hüquq və təminatların müzakirəsinin vacibliyini, eləcə də hər iki tərəfin atəşkəs rejimini dəstəkləməsinin və davamlı sülhə aparan yeganə yol kimi əsas diqqəti danışıqlar yolu ilə əldə edilmiş razılaşmaya yönəltməsinin vacibliyini vurğulayıb,” Ned Prays qeyd edib.

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı ABŞ dövlət katibi Antoni Blinken son dövrlərdə keçirilmiş görüşləri davamlı sülh müqaviləsinə doğru müsbət addımlar kimi səciyyələndirib.

“Bu xüsusda Cenevrədə xarici işlər nazirləri və Praqada liderlər səviyyəsində keçirilmiş görüşlərin əhəmiyyətini vurğulayıb. Dövlət katibi, həmçinin ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın təşəbbüsü ilə Ağ evdə Azərbaycan və Ermənistan nümayəndələri arasında keçirilmiş görüşün əhəmiyyətini qeyd edib,” məlumatda qeyd edilir.

Məlumatda deyilir ki, dövlət katibi, eyni zamanda, konkret vaxt çərçivəsində sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətinə toxunub, Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələri təqdir edib.

“Antoni Blinken Azərbaycanda kütləvi məzarlığın aşkar olunduğunu qeyd edib, bununla əlaqədar dövlətimizin başçısına başsağlığı verib,” mətbuat xidməti qeyd edib.

Öz növbəsində Prezident İlham Əliyev Cenevrədə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında keçirilmiş birinci ikitərəfli görüşü müsbət qiymətləndirib. Dövlət başçısı həmçinin Praqada keçirilmiş görüş nəticəsində qəbul edilmiş bəyanatın sülh prosesinə töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

“Prezident İlham Əliyev inandığını bildirib ki, əgər Ermənistan siyasi iradə nümayiş etdirərsə, bu ilin sonunadək sülh müqaviləsi imzalana bilər. Dövlətimizin başçısı, eyni zamanda, həm Antoni Blinkenin, həm də Ceyk Sallivanın təşəbbüsü ilə Azərbaycanla Ermənistan nümayəndələri arasında keçirilmiş görüşlərə toxunub, bunu sülhə doğru atılmış addımlar kimi qiymətləndirib. Azərbaycan Prezidenti Birinci Qarabağ müharibəsindən sonra 3900-dən çox soydaşımızın itkin düşmüş şəxs hesab olunduğunu xatırladıb, Ermənistanın kütləvi məzarlıqların yeri barədə məlumat verməsinin vacibliyini qeyd edib. Prezident İlham Əliyev ABŞ dövlət katibindən öz imkanlarından istifadə edərək bu məsələnin həllinə nail olunmasına kömək göstərməsini xahiş edib. Dövlətimizin başçısı deyib ki, Beynəlxalq Qızıl Xaç Komitəsində şahidlərin ifadələri və digər məlumatlar əsasında bəzi kütləvi məzarlıqların yerləri haqqında müəyyən məlumatlar var,” məlumatda deyilir.

Görüşdə Azərbaycan-Ermənistan əlaqələrinin gələcək inkişafı ilə bağlı müzakirələr də aparılıb.

Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir ki, həmsöhbətlər oktyabrın 6-da Praqada Ermənistanın baş naziri, Fransa prezidenti, Avropa İttifaqı Şurasının prezidenti və Azərbaycan prezidentinin dördtərəfli görüşünün yekunlarına toxunublar.

“BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasının, habelə sərhədin delimitasiyası və Avropa İttifaqının Ermənistanla ilə Azərbaycan sərhədində mülki missiyasının fəaliyyətinin təmin edilməsi istiqamətində işlərin aparılmasının vacibliyi vurğulanıb. Tərəflər həmçinin təhlükəsizlik, Dağlıq Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi, Stepanakertlə (Xankəndi) Bakı arasında danışıqlar üçün beynəlxalq mexanizmin yaradılması, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılması məsələlərinə də toxunublar. Tərəflər həmçinin Ermənistanın baş nazirinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş təəssüratlarını bölüşüb. Antoni Blinken ABŞ-ın danışıqlar prosesinə, eləcə də Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasına töhfə verməyə davam etməyə hazır olduğunu bildirib,” Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG