Accessibility links

Ukrayana Rusiyanın Xersondan sakinləri deportasiya etdiyi bir vaxt orada hərbi qüvvələrini gücləndirdiyini bildirir


Ukrayna ordusunun bildirdiyinə görə, Kyiv Moskvanın işğal etdiyi əraziləri geri qaytarmaq üçün hücumunda böyük irəliləyişlər əldə etdiyi bir vaxt Rusiya Xerson bölgəsinin müdafiəsini gücləndirmək üçün bu yaxınlarda səfərbər edilmiş minlərlə hərbçini əraziyə toplayır.

"2000-ə qədər səfərbər edilmiş rusiyalı itkilərin yerini doldurmaq və təmas xəttindəki bölmələri gücləndirmək üçün müvəqqəti ələ keçirilən Xerson vilayətinə gəlib" deyə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı oktyabrın 21-də yaydığı bəyanatda bildirir.

Məlumatda həmçinin deyilir ki, “eyni zamanda, işğalçı hakimiyyət bank institutu adlandırdıqları müəssisələrinin və rusiyalı tibb işçilərinin və müəllimlərinin təxliyəsinə hazırlıqla bağlı əmr verib”.

Ukrayna Xersondakı rus qüvvələrini ölkəni ikiyə bölən Dnepr çayından şərqə geri çəkilməyə məcbur etməyə çalışır. Xerson şəhərinin yerləşdiyi qərb sahilindəki rus əsgərlərinin təchizat xətləri və əlavə qüvvələrlə əlaqəsinin kəsilməyə yaxın olduğu bildirilir.

Prezident Volodimir Zelenskinin ofisi oktyabrın 20-də bildirib ki, Ukrayna qüvvələri Xerson vilayətindəki Rusiya hərbi dayaq məntəqlərinə 15 hücum təşkil edib və bu, regionun və strateji əhəmiyyətə malik olan Xerson şəhərinin azad edilməsi üçün böyük hərəkatın başlanğıcı kimi qiymətləndirilir.

Bu arada Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kreml qüvvələri Ukraynanın tanklarla Xersonun Suxanove, Nova Kamyanka və Çervoniy Yar kəndlərində irəliləmək cəhdlərini dəf edib.

Heç bir tərəfin iddialarrını hələ ki, müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Müharibədən əvvəl təxminən 284.000 əhalisi olan Xerson şəhəri Rusiyanın Ukraynanı işğal etdiyi zaman zəbt etdiyi ilk böyük şəhərdir. Və hələ də onun əlində olan ən böyük şəhər olaraq qalır.

Şəhər əsas sənaye sahələrinə və Dnepr çayı üzərindəki böyük limanına görə hər iki tərəf üçün mühüm hədəfdir.

Moskva döyüş meydanında uğursuzluqlar, problemli qoşun səfərbərliyi, daxildə və xaricdə artan tənqidlər və beynəlxalq sanksiyalarla üzləşdiyi bir vaxt Putin ilhaq edilmiş ərazilərdə Rusiyanın nüfuzunu möhkəmləndirmək məqsədilə oktyabrın 19-da Xerson, Luqansk, Donetsk və Zaporojjya vilayətlərində hərbi vəziyyət elan edib.

XS
SM
MD
LG