Accessibility links

Rəsmi Vaşinqton Rusiya Xarici İşlər Nazirliyinin Qərbin Cənubi Qafqazda fəaliyyəti ilə bağlı tənqidlərinə cavab verib


ABŞ Moskvanın Qərbin Azərbaycan və Ermənistan arasında problemlərin nizamlanması üzrə səyləri ilə bağlı tənqidinə cavab verib.

"Biz, şübhəsiz ki, səylərimizin özünüreklam kimi tövsif olunmasını təkzib edirik".

Bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays oktyabrın 25-də ənənəvi brifinqdə Turan agentliyin müxbirinin Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarovanın bəyanatını şərh edərkən bildirib.

O bildirib ki, "şiddətə və həm ermənilər, həm də azərbaycanlılar arasında ölümlərə gətirib çıxaran çoxillik münaqişələrə son qoymaq cəhdində heç bir özünüreklam yoxdur".

"Bizim məqsədimiz hərtərəfli, davamlı sülhə nail olmaq və həyatların xilası üçün bu ölkələrin birlikdə hərəkət etməsinə köməklik göstərməkdir. Bilmirəm, bunun nəyi özünüreklam kimi şərh edilə bilər" , Ned Prays əlavə edib.

Praysın sözlərinə görə, Dövlət katibi Antoni Blinkenin də vurğuladığı kimi ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir.

"Biz hər iki ölkənin liderlərini onlar üçün ən faydalı olan formatda görüşməyə təşviq etmişik. Hesab edirik ki, birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Məhz buna görə də Dövlət katibi Blinken Ermənistan və Azərbaycan xarici işlər nazirlərini sentyabr ayında Nyu-Yorkda bir araya gətirdi, iki nazir son zorakılıqların alovlanmasından sonra ilk dəfə görüşdü. Prezident Putinin dəvətinin davamlı sülhə nail olmaq üçün Ermənistana və Azərbaycana kömək edəcəyinə və ya faydalı olub-olmayacağına qərar vermək son nəticədə bu iki ölkənin verməli olduğu qərardır".

Ned Prays diqqətə çatdırıb ki, ABŞ Cənubi Qafqaz ölkələrinin suverenliyinə və müstəqilliyinə böyük dəstək verir.

"Son nəticədə Cənubi Qafqaz ölkələrinin müstəqilliyi üçün ABŞ-dan daha böyük dəstək yoxdur. 1991-ci ildə Ermənistanın, Azərbaycanın, Gürcüstanın müstəqilliyinin bərpası bu ölkələrin hər birinə Moskvadan və ya istənilən digər ölkədən asılı olmadan, öz xarici siyasi maraqlarına xidmət etmək hüququna zəmanət verən əlamətdar hadisə idi".

Ned Prays eyni zamanda, Rusiyanın 2008-ci ildə Gürcüstana hücum etdiyini və Ukraynaya qarşı davam edən işğalını xatırladaraq əlavə edib ki, Moskva öz qonşusunun suverenliyinə çox az hörmət edir və bu, onun etibarlı, uzunmüddətli tərəfdaş ola bilməyəcəyini bir daha göstərir.

Bir neçə gün əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ı və Avropa İttifaqını özünüreklamda ittiham edib.

"Vaşinqton və Brüsselin göstərişi ilə fəaliyyət göstərən çoxsaylı fondlar, QHT-lər və media cəmiyyətdə anti-Rusiya əhval-ruhiyyəsi oyatmağa çalışır" , o əlavə edib.

Zaxarova bildirib ki, Rusiya "Qərbin Ukraynada işlənmiş qarşıdurma sxemlərini açıq-aydın ötürməyə çalışdığı bir zamanda Zaqafqaziyada güclənən həyəcanverici tendensiyalardan narahat olmaya bilməz".

Zaxarova əmin olduğunu bildirib ki, "xarici qüvvələrin Moskva ilə Yerevan arasında çəkişmə cəhdləri uğurlu olmayacaq".

Bundan öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin bir neçə görüşü keçirilib.

Bu il oktyabrın 6-da isə Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü olub.

Görüşdən sonra Prezident İlham Əliyev tərəflərin hər dəfə sülhə daha da yaxınlaşdığını bildirib.

"Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaqdır. Hələ ki, təmaslar davam edir. Hər halda, sülh prosesinə artıq təkan verildi" , Əliyev görüşdən sonra qeyd edib.

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər "təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək".

Ermənistan Baş nazirinin rəsmi saytında dərc edilən bəyanatda bildirilir ki, Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan bu missiya ilə özünə aid olacaq dərəcədə əməkdaşlıq etməyi qəbul edib.

Praqa görüşündən sonra, oktyabrın 7-də ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir.

Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edib. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG