Accessibility links

Zəngin müsəlman dövlətləri Əfqanıstana niyə daha çox yardım etmir?


Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı humanitar böhranı yumşaltmaq üçün ən böyük tək ölkə müraciətinə başlamasından 10 aydan çox vaxt keçdikdən sonra müraciətin yarısından azı maliyyələşdirilib və müsəlman hökumətlər əsas donorlar siyahısında nəzərəçarpacaq dərəcədə itib.

Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi elçisi Tomas Niklasson oktyabrın əvvəlində Əfqanıstana səfərindən sonra Twitter səhifəsində xəbərdarlıq edib: "Əfqanıstan sərt qışla üzləşir. Mən Çin, Rusiya və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) humanitar yardımı əhəmiyyətli dərəcədə artırmaqla Böyük Britaniya, ABŞ, Aİ və digərlərindən nümunə götürməyə çağırıram”.

Əfqanıstan onilliklər ərzində dünyanın ən yoxsul ölkələrindən biri olsa da, keçən il ölkənin ABŞ-ın dəstəklədiyi hökumətin süqutundan və faktiki Taliban rejiminin beynəlxalq iqtisadi sanksiyalarla üzləşməsindən sonra yoxsulluğun dərinliklərinə düşüb. BMT-nin məlumatına görə, demək olar ki, bütün əfqanlar hazırda yoxsulluq həddinin altında yaşayır.

"Əlbəttə ki, son bir ildə humanitar resurslar üzərində böyük rəqabət olub, Ukraynadakı müharibə Qərbin çox diqqət və maliyyəsini cəlb edib. Əfqanıstanın gələcəkdə laqeyd bir böhrana çevriləcəyi ilə bağlı bəzi narahatlıqlar var" -deyə, Əfqanıstandakı Norveç Qaçqınlar Şurasının direktoru Nil Turner Amerikanın Səsinə bildirib.

Ötən həftə Səudiyyə Ərəbistanı Ukraynaya 400 milyon dollar humanitar yardım etdiyini açıqlamışdı. Bu, yardım agentlikləri tərəfindən müsbət qarşılansa da, neftlə zəngin müsəlman krallığının bu il Əfqanıstana humanitar yardım vəd etdiyi 11 milyon dollardan fərqlidir.

Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Türkiyə kimi digər nisbətən zəngin müsəlman ölkələri də Əfqanıstana humanitar yardım çağırışı üçün donorlar siyahısında ya yoxdur, ya da geri qalır.

Bu il indiyədək BƏƏ 23 ölkədə BMT-nin humanitar çağırışlarına cavab olaraq 309 milyon dollardan çox vəsait ayırıb ki, bunun da 171 dolları Efiopiyaya və cəmi 1,9 milyon dolları Əfqanıstanadır.

Dünyada adambaşına düşən ÜDM-in ən yüksək göstəricilərindən birinə sahib olan Qətər 2022-ci ildə BMT-nin qlobal humanitar müraciətlər sisteminə 1 milyon dollardan az vəsait ayırıb ki, bunun da təxminən 500 000 dolları Kamerun üçün olub.

2021-ci ilin dekabrında İslamabadda keçirilən İƏT konfransında iştirak edən xarici işlər nazirləri Əfqanıstandakı humanitar böhrana cavab olaraq İslam İnkişaf Bankında (İİB) xüsusi humanitar trast fondunun yaradılması barədə razılığa gəliblər.

Avqust ayında İİB Əfqanıstanda təcili humanitar fəaliyyətlər üçün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına 525 000 dollar ayırdığını elan edib. Həm İƏT-də, həm də İİB-nin sözçüləri bu fondun avqust ayından bəri hansı əlavə maliyyə vəsaiti ayırdığı ilə bağlı sualları cavablandırmayıb.

Amerikanın Səsindən Səudiyyə Ərəbistanı və BƏƏ səfirliklərinə bir neçə zəng və elektron məktuba cavab verilməyib.

XS
SM
MD
LG