Moskva qlobal ərzaq böhranını yüngülləşdirməyə və qiymətləri aşağı salmağa imkan verən taxıl ixracı sazişinin icrasını dayandırdığını bildirib. BMT-nin vasitəçiliyi ilə imzalanan saziş Ukraynadan 9 milyon tondan çox taxıl daşınmasına imkan verib.
Rusiya Müdafiə Nazirliyi razılaşmadan çıxmasının səbəbi kimi Ukraynanın pilotsuz uçuş aparatının Rusiyanın Krım sahillərində lövbər salmış Qara dəniz donanmasının gəmilərinə hücumunu göstərib. Rusiya hücumun şənbə günü səhər saatlarında baş verdiyini bildirib. Ukrayna bu hücumu təkzib edib.
“Ukrayna silahlı qüvvələrinin addımları səbəbilə Rusiya tərəfi Qara dəniz təşəbbüsündə iştirak edən mülki quru yük gəmilərinin təhlükəsizliyinə təminat verə bilməyəcəyindən bu gündən etibarən onun icrasını qeyri-müəyyən müddətə dayandırır” - Rusiya bəyanatında deyilir.
ABŞ dövlət katibi Antoni Blinken verdiyi açıqlamada bildirib ki, “Rusiya bu razılaşmanın icrasını dayandırmaqla başladığı müharibədə yenidən ərzağı silaha çevirir, aşağı və orta gəlirli ölkələrə, qlobal ərzaq qiymətlərinə, onsuz da ağır durumda olan humanitar böhranlara və qida təhlükəsizliyinə birbaşa təsir edir.”
Blinken bildirib ki, ABŞ “Rusiya hökumətini sazişdə iştirakını bərpa etməyə, razılaşmaya tam əməl etməyə və bütün dünyada insanların bu təşəbbüs sayəsində faydaları əldə edə bilmələrini təmin etməyə” çağırır.