Accessibility links

Brüsseldə Azərbaycan-Ermənistan sərhədinin delimitasiya komissiyasının iclası keçiriləcək


Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın üçüncü iclası noyabrın 3-də Belçikanın paytaxtı Brüssel şəhərində keçiriləcək.

Bu barədə Amerikanın Səsinə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.

Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ilk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub.

Oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin ayrılıqda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb. Görüşlərin diqqət mərkəzində Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması olub.

Soçidəki üçtərəfli görüşədək iki ölkə arasında aparılan sülh danışıqlarına Avropa İttifaqı vasitəçilik edib. Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri artıq dörd dəfə görüşüb. Sonuncu dəfə bu il oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın dördtərəfli formatda görüşü olub.

Görüşdən sonra Yelisey sarayının rəsmi saytında yayılan bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdıqları 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.

Bundan əlavə Avropa İttifaqının rəsmi saytında dərc edilmiş bəyanatda da deyilir ki, tərəflər "təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək".

Praqa görüşündən sonra, oktyabrın 7-də ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, ABŞ Ermənistan və Azərbaycanın möhkəm sülh sazişinə nail olmaq üçün atdığı addımları dəstəkləyir və problemlərin dinc yolla həllində Ermənistana və Azərbaycana kömək etməyə sadiqdir.

Alma-Ata Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanıb. Bu, əslində SSRİ-nin dağılmasını rəsmiləşdirib və MDB-nin yaradılmasını elan edib. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrdə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər. Bəyannaməni keçmiş SSRİ-nin 12 respublikası imzalayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG