Accessibility links

Azərbaycan-Türkiyə ticarət əlaqələri 4,35 milyard ABŞ dollarına çatıb


Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası (Foto Nazirlər Kabinetinindir)
Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası (Foto Nazirlər Kabinetinindir)

Noyabrın 4-də Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclası keçirilib.

Nazirlər Kabinetinin məlumatına görə, Azərbaycanın Baş naziri Əli Əsədovun və Türkiyənin vitse-prezidenti Fuat Oktayın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət qurumlarının rəhbərliyi iştirak edib.

Baş nazir Əli Əsədov bildirib ki, iki ölkənin müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji, sənaye, kənd təsərrüfatı və digər istiqamətlərdə uğurlu əməkdaşlığı təqdir edilir.

“2022-ci ilin yanvar-sentyabr aylarında qarşılıqlı ticarət 34 faiz artaraq 4,35 milyard ABŞ dollarına çatıb, post-pandemiya dövründə iqtisadi-ticari əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaranıb. Bu baxımdan Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası və Hökumətlərarası Komissiyanın iclaslarında qəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyəti böyükdür.”

Azərbaycan Nazirlə Kabineti bildirir ki, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksək qiymətləndirilib, cari ilin 9 ayında iki ölkə arasında ümumi daşınmış yüklərin həcmi 60,2 faiz artıb, o cümlədən tranzit yüklərin həcmi 96,3 faiz çoxalıb.

“Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında Naxçıvan vasitəsilə birbaşa dəmir yolu əlaqəsinin təmin edilməsi baxımından Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu layihəsinin reallaşdırılması mühüm əhəmiyyət kəsb edəcək. Zəngəzur dəhlizinin açılması və Naxçıvana dəmir yolunun çəkilməsi nəticəsində Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələri daha da genişlənəcək,” Nazirlər Kabinetinin məlumatında qeyd edilir.

Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən Oktay iki ölkənin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, nəqliyyat və enerji sahələrindəki təşəbbüslərinin bölgə üçün böyük önəm daşıdığını qeyd edib.

İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticari, nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, turizm, mədəniyyət və digər sahələrdə daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Sonda Azərbaycanın Baş naziri Əli Əsədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 10-cu iclasının Protokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edən Fəaliyyət planlarını imzalayıblar.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG