Accessibility links

NATO Vaşinqtonda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları alqışlayıb


NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Vaşinqtonda Azərbaycan və Ermənistan arasında birbaşa danışıqları alqışlayıb.

Bu barədə Xavyer Kolomina twitter-də bildirib.

"Yaxşı xəbərdir. Nazirlər Ararat Mirzoyan və Ceyhun Bayramovun yenidən birbaşa danışıqlarda iştirakı ürəkaçandır. NATO Cənubi Qafqazın sabitliyi və rifahının açarı olan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəkləyir" , o qeyd edib.

Kolomina, həmçinin ABŞ-ın bu istiqamətdə səylərini alqışlayıb.

Noyabrın 7-də Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında geniş tərkibli görüş keçirilib. Eyni zamanda ABŞ Dövlət Katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş olub.

Blinken Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla Ağ evdən aralı dövlət qonaq evi olan Blair House-da görüşüb.

"İki ölkənin keçmişi arxada qoymaq və davamlı sülhə doğru irəliləmək üçün real və cəsarətli addımlar atdığını görürük" , Blinken deyib.

Blinkenin sözlərinə görə, danışıqlar daha öncə Nyu Yorkda BMT Baş Assambleyası çərçivəsindəki müzakirələrin, eləcə də Ermənistan, Azərbaycan və ABŞ rəsmilərinin digər söhbətlərinin davamı olacaq.

"Birləşmiş Ştatlar həm Ermənistanın, həm də Azərbaycanın dostu olaraq bu səylərdə sizi dəstəkləmək üçün əlindən gələni etməyə sadiqdir" , Blinken deyib.

Görüşün ardınca Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Twitter hesabında yazıb ki, Azərbaycan sülhə sadiqdir.

"ABŞ Dövlət katibi Blinkenin təşəbbüsü ilə Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşüm olub. Mən bir daha Azərbaycanın Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə bağlanmasına sadiqliyini və hazır olduğunu bəyan etdim, həmçinin bu prosesi pozacaq hərəkətlərdən çəkinməyə çağırış etdim" , o qeyd edib.

Ermənistanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, tərəflər potensial sülh sazişinin elementləri barədə fikir mübadiləsi aparıb, hələ də həll edilməsi lazım olan bir sıra məsələlərin olduğunu qeyd ediblər.

"Hər iki tərəf Ermənistan və Azərbaycan liderlərinin oktyabrın 6-da Praqada, oktyabrın 31-də Soçidə görüşlərində üzərinə düşən öhdəlikləri bir daha təsdiqləyib. Ermənistan və Azərbaycan xarici işlər nazirləri danışıqlarını sürətləndirmək və yaxın həftələrdə daha bir görüş keçirmək barədə razılığa gəliblər" , məlumatda qeyd edilib.

Azərbaycan və Ermənistanın baş diplomatları yaxın həftələrdə daha bir görüş keçirmək barədə razılığa gəlib.

XS
SM
MD
LG