Accessibility links

Jurnalist Əvəz Zeynallının ailəsi ilə görüş və telefon danışıqlarına məhdudiyyətlə bağlı apellyasiya şikayəti təmin edilməyib


Əvəz Zeynallı
Əvəz Zeynallı

Noyabrın 11-də Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorluğun İstintaq İdarəsinin Xural TV-nin rəhbəri Əvəz Zeynallının ailəsi ilə görüşünə və telefon danışıqlarına məhdudiyyətin aradan qaldırılması ilə bağlı apellyasiya şikayətinə baxılıb.

Əvəz Zeynallının vəkili Fəxrəddin Mehdiyev bildirib ki, jurnalist artıq 2 aydır ailəsi ilə əlaqə qura bilmir, onlar bu qərarı qanunsuz hesab edərək, məhkəməyə şikayət ediblər. Vəkilin sözlərinə görə, Binəqədi Rayon Məhkəməsi həmin qərarı qüvvədə saxladığı üçün onlar qərardan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriblər:

“Məhkəmə prosesi səhər saat 9:50-də baş tutacaqdı, lakin məhkəmə 1 saat gecikdi. Baş Prokurorluğun İstintaq İdarəsinin qərarında bildirilib ki, Zeynallının telefon danışıqlarına məhdudiyyət qoyulması zəruridir. Guya bu məhdudiyyətin qoyulması istintaqın gedişinə mane ola bilməsi ilə bağlıdır. Lakin başqa əsaslandırma yoxdur. Halbuki həmin qanunda göstərilir ki, müəyyən vaxta məhdudlaşdırıla bilər, amma İstintaq İdarəsinin qoyduğu vaxt qeyri-müəyyəndir. Digər tərəfdən isə qərar əsaslandırılmayıb”.

Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə iştirak edən Əvəz Zeynallı həbsinin siyasi sifariş olduğunu deyib.

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynalovanın bildirdiyinə görə, iki aya yaxındır ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılan “Xural TV” rəhbəri ailə üzvlərilə nə görüşə, nə də telefonla əlaqə saxlaya bilir. Bununla bağlı müraciətlərə cavab olaraq bildirilib ki, Əvəz Zeynallının yaxınlarıyla əlaqəsinə Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında məhdudiyyət qoyulub.

Əvəz Zeynallının işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.

Əvəz Zeynallı sentyabrın 10-da Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə həbs edilmişdi. Sentyabrın 21-də ona qarşı Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərə – nüfuz alveri) maddəsilə yenidən ittiham elan edilib.

Rüşvət ittihamı “Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. “Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Əvəz Zeynallı ona qarşı irəli sürülmüş ittihamların heç birini qəbul etmir. O, sifarişlə həbs edildiyini bildirir. “Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.

Sentyabrın 10-da Əvəz Zeynallı ilə yanaşı, vəkil Elçin Sadıqov da eyni cinayət işi üzrə həbs olunub. O, Rasim Məmmədovun vəkili idi. Elçin Sadıqov rüşvətə vasitəçilikdə ittiham olunur.

Elçin Sadıqov sentyabrın 17-də Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Elçin Sadıqov da özünü təqsirli bilmir, həbsini peşə fəaliyyətilə əlaqələndirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəalların hüquqlarını müdafiə etməsidir.

XS
SM
MD
LG