Accessibility links

Qulamhüseyn Əlibəyli: Dövlət konstitusiya öhdəliklərini tam yerinə yetirə bilmir


Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli

Noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd edilir.

Müstəqillik dövrünün konstitusiyası 1995-ci il noyabrın 12-də qəbul edilib. Azərbaycan Konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.

27 il ərzində Azərbaycan Konstitusiyasına üç dəfə - 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

2002-ci il konstitusiya dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi ləğv edilib və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu alıb. Buna qədər Azərbaycan parlamentində deputat yerlərinin beşdə biri, 25 deputat proporsional sistemlə seçiliib.

2009-cu il referendumunda bir şəxsin ardıcıl olaraq iki dəfədən çox prezident seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Bundan sonra prezident İlham Əliyev üçüncü və dördüncü dəfə bu vəzifəyə seçilib.

2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. Ölkədə vitse-prezidentlik institutu təsis edilib. Prezident vəzifəsini icra edə bilmədikdə yeni prezidenti seçilənədək prezidentin səlahiyyətlərini Birinci vitse-prezident icra edir. Bir il sonra - 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən İlham Əliyev öz həyat yoldaşı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin edib. Digər vitse-prezidentlər hələ də təyin edilməyib.

2009-cu ilə kimi Konstitusiya Günü qeyri-iş günü olsa da, 2016-sı ildən artıq iş günüdür.

Bakı Dövlət Universitetinin Konstitusiya Hüququ kafedrasının əməkdaşı, Milli Məclisin keçmiş deputatı Qulamhüseyn Əlibəyli Amerikanın Səsinə müsahibəsində Azərbaycan dövlətinin konstitusiya öhdəliklərini yerinə yetirmə vəziyyətindən və konstitusiyaya dəyişikliklərin demokratik azadlıqlara təsirlərindən danışıb.

Qulamhüseyn Əlibəyli: Dövlət konstitusiya öhdəliklərini tam yerinə yetirə bilmir
please wait

No media source currently available

0:00 0:07:14 0:00

Amerikanın Səsi: Azərbaycan Konstitusiyasında cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsi öhdəliyi var. Sizcə dövlət hazırda bu öhdəlikləri yerinə yetirə bilirmi?

İnsanların təhlükəsiz yaşamaq hüququ da, mən deyərdim ki, tam şəkildə bərpa olunmayıb. Çünki, biz tez-tez dəhşətli cinayət hadisələrinin şahidi oluruq.

Qulamhüseyn Əlibəyli: Müəyyən işlər görür. Hesab edirəm ki, konstitusiyada dövlətin ali məqsədi kimi elan olunmuş öhdəliklərin heç də hamısı tam şəkildə yerinə yetirilmir. Bütün cəmiyyətin və hər kəsin firəvanlığı tam təmin edilməyib. Bu bir faktdır. Əhalinin müəyyən hissəsi yoxsulluq səviyyəsində, ondan daha aşağı səviyyədə yaşayır. Kifayət qədər aztəminatlı ailələr var. O cümlədən, ədalət baxımından, insanlar arasında ədalətlilik, bərabərlik hələ tam şəkildə bərqərar olmayıb. Düzdür, burada dövlətin də üzərinə xeyli iş düşür. Əslində bunu dövlət etməlidir. İnsanların siyasi əqidəsinə görə, mənsubiyyətinə görə təqib olunması halları var. Faktlar var. İnsanlara münasibətdə ayrıseçkilik faktları var. Bu o deməkdir ki, ədalət bərpa olunmur. İnsanların təhlükəsiz yaşamaq hüququ da, mən deyərdim ki, tam şəkildə bərpa olunmayıb. Çünki, biz tez-tez dəhşətli cinayət hadisələrinin şahidi oluruq. Əslində dövlət bunların qarşısını almalıdır. Müəyyən işlər görülsə də, hesab edirəm ki, sıraladığımız istiqamətlərdə dövlət öhdəliklərini hələ ki, yerinə yetirə bilməyib.

Amerikanın Səsi: Konstitusiya çərçivəsində demokratik quruluşa, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmağa, hamının layiqli həyat səviyyəsini təmin etmyə təminat verilib. Sizin baxışınızca bu məqsədlərə nə dərəcədə nail olunub?

Son dövrlərə baxsaq, bu vətəndaş cəmiyyəti institutları ölkənin siyasi sisteminə ciddi surətdə təsir etməyə qadir deyil. Həm siyasi partiyalar, həm də qeyri hökumət təşkilastları buna qadir deyil.

Qulamhüseyn Əlibəyli: Hesab edirəm ki, formal baxımdan irəliləyişlər var. Formal baxımdan ona görə deyirəm ki, qanunlarda müəyyən dəyişikliklər var, həmin dəyişikliklər əslində demokratik quruluşun təmin olunmasına yönəlmiş dəyişikliklərdir. İnsanların layiqli həyat səviyyəsinin təmin olunmasına və digər məsələlərə yönəlmiş dəyişikliklərdir. Amma, bütövlükdə hesab edirəm ki, Azərbaycanda demokratik quruluşa yönəlmiş xeyli konstitusiya və cari qanunvericilikdə müdəaların olmasına baxmayaraq hələ ki, bizim arzuladığımız, istədiyimiz demokratik quruluş yoxdur. Amma, yenə təkrar edirəm, onun formal hüquqi elementləri var. Qanunlarda kifayət qədər yaxşı müddəalar var. Hesab edirəm ki, Azərbaycanda vətəndaş cəmiyyəti hələ tam şəkildə formalaşmayıb. Baxmayaraq ki, Azərbaycanda xeyli vətəndaş cəmiyyəti institutları, qeyri hökumət təşkilatları, kütləvi informasiya vasitələri, siyasi partiyalar var. Bunların hamısı bütövlükdə vətəndaş cəmiyyəti institutları kimi nəzərdən keçirilir. Qanunlarda bunların fəaliyyətinə formal hüquqi cəhətdən yol verilir. Amma, son dövrlərə baxsaq, bu vətəndaş cəmiyyəti institutları ölkənin siyasi sisteminə ciddi surətdə təsir etməyə qadir deyil. Həm siyasi partiyalar, həm də qeyri hökumət təşkilastları buna qadir deyil. Düzdür, indi ayrı-ayrı siyasi partiyalar istisna olmaqla, siyasi partiyalara münasibətdə bir qədər irəliləyiş var. Dövlət siyasi partiya münasibətlərinin yenidən qurulması istiqamətində müəyyən işlər görülür. Amma, bütün hallarda siyasi partiyalar, qeyri hökumət təşkilatları, o cümlədən kütləvi informasiya vasitələri vətəndaş cəmiyyəti instituları kimi tam şəkildə formalaşmayıb. Bunun üçün də dövlət həm qüvvədə olan qanunvericilikdə, həm də real şəraitdə xeyli dəyişiklik etməlidir.

Amerikanın Səsi: Konstitusiyaya görə, hakmiyyətin mənbəyi xalqdır. Azərbaycan xalqı hakimiyyətin formalaşmasında nə dərəcədə rol oynaya bilir?

Keçirilən bütün seçkilərdə həmişə seçki qanunvericliyinin, seçki təbliğatının tələblərinin pozulması və digər hallar baş verib.

Qulamhüseyn Əlibəyli: Ümumiyyətlə bir qayda olaraq hakimiyyətin formlaşmasında xalqın rolu azad, ədalətli, demokratik seçkilərdən keçir. Amma, Azərbaycanda bu cür seçkilər son dövrlərdə demək olar ki, keçirilməyib. Keçirilən bütün seçkilərdə həmişə seçki qanunvericliyinin, seçki təbliğatının tələblərinin pozulması və digər hallar baş verib. Yəni, bu mənada hesab edirəm ki, əhalinin iradəsi qanunvericilik və ya icraedici hakimiyətdə tam şəkildə təmin olunmayıb. Seçkinin real nəticəsi xalqın iradəsini tam şəkildə əhatə etmir. Düzdür bütün normal prosedurlar keçirilir, Konstitusiya Məhkəməsi təsdiq edir, amma Avropa İnsan Hüquqları Məhkəməsinin seçkilərlə bağlı Azərbaycana qarşı xeyli sayda qərarları var ki, orada digər hüquqlarla yanaşı seçki hüququnun da pozulması barədə müddəalar, faktlar var. Bu o deməkdir, hələ ki, xalqın hakimiyyətin tam mənbəyi kimi, öz hakimiyyətini öz istədiyi kimi həyata keçirmək imkanı yoxdur.

Amerikanın Səsi: Son 27 ildə konstitusiyaya üç dəfə referendum yolu ilə dəyişkliklər edilib. Bu dəyişiklikləri ölkədə demokratik azadlıqların dərinləşməsi baxımından zəruri hesab etmək olarmı? Yeni dəyişikliklərin ölkənin ictimai-siyasi həyatına müsbət və mənfi mənada hansı təsirləri olub?

Hesab edirəm ki, dəyişkliklərin real həyatda təmin olunması hələ tam şəkildə həyata keçirilməyib. Dəyişikliklər müəyyən mənada baş verib.

Qulamhüseyn Əlibəyli: Ümumiyyətlə, hesab edirəm ki, dəyişikliklərin böyük əksəriyyətinə normal yanaşmaq lazımdır. Çünki, bunlar doğrudan da formal hüquqi baxımdan demokratik cəmiyyət quruluşuna yönəlmiş dəyişikliklər kimi nəzərdən keçirilə bilər. Amma, konstitusiyanın bir var formal mənası, bir də real həyatda onun müddəalarının həyata keçirilməsi var. Bu baxımdan, hesab edirəm ki, dəyişikliklərin real həyatda təmin olunması hələ tam şəkildə həyata keçirilməyib. Dəyişikliklər müəyyən mənada baş verib. Tutatq ki, idarəetmə sistemində dəyişiklik baş verib. Vitse-prezident institutları yaradılıb. İndi vitse-prezidentin biri fəaliyyət göstərir. Hər halda bu, həyata keçirilmiş konstitusiya dəyişikliyidir. Sonra demokratik azadlıqlar baxımından konstitusiyaya müəyyən müdəalar daxil edilib. Amma, onların real həyatda təmin olunması və tam şəkildə öz əksini tapmayıb. Yəni, mən deməzdim ki, dəyişikliklər Azərbaycan cəmiyyətinə heç nə verməyib. Bu, bir az düzgün olmazdı. Azərbaycan cəmiyyətinə nə isə verib. Amma, gözləntiləri tam şəkildə doğrultmayıb.

Amerikanın Səsi: Amma, dəyişikliklərdə proporsional seçki sistemi ləğv edilib, prezidentlik müddəti yeddi ilə qaldırılıb.

Prezident seşilməklə bağlı iki dəfəlik müddəti götürmək düzgün deyil. İki dəfəlik müddət dünyada qəbul olunmuş müddət idi.

Qulamhüseyn Əlibəyli: Bəli, tamamilə doğru buyurursunuz. Seçki sistemi ilə bağlı dəyişiklikləri mən müsbət qarşılamadım. Prezident seçilməklə bağlı iki dəfəlik müddəti götürmək düzgün deyil. İki dəfəlik müddət dünyada qəbul olunmuş müddət idi. Bunu götürmək, o qədər də məqsədəuyğun deyildi. İndi başqa variantlar müəyyən etmək olardı. Eyni mənada dəyişikliklər indiki hakimiyyətin möhkəmlənməsinə xidmət edir. Formal hüquqi baxımdan demokratiya üçün müəyyən zəruri olan dəyişikliklərdir. Amma, real həyatda öz əksini tapmayan dəyişikliklərdir.

Qeyd: Bu Qulamhüseyn Əlibəylinin fikirləridir. Azərbaycan hakimiyyəti ölkədə konstitusiya öhdəliklərinin, o cümlədən fundamental azadlıqların, vətəndaş məmnunluğunun təmin edildiyini bəyan edir. Dövlət rəhbərləri ədalətli məhkəmə sisteminin yaradıldığını, vətəndaş cəmiyyəti, media üçün azad mühitin təmin edildiyini, insanların təhlükəsiz şəraitdə yaşadığını bildirir.

XS
SM
MD
LG