Accessibility links

Azərbaycan elektrik mühərrikli minik avtomobillərinə idxal gömrük rüsumunu ləğv edib


Elektrik mühərrikli avtomobil (Foto Dövlət Gömrük Komitəsinindir)
Elektrik mühərrikli avtomobil (Foto Dövlət Gömrük Komitəsinindir)

Ekoloji cəhətdən təmiz avtonəqliyyat vasitələrinin istifadəsinin stimullaşdırılması və təşviqi məqsədilə elektrik mühərrikli minik avtomobillərinə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu sıfır faizə endirilib.

Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK ) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Məlumatda deyilir ki, indiyə qədər bu istiqamətdə bir sıra güzəştlər tətbiq edilib.

“Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı əlavə dəyər vergisindən azad olunub. 2022-ci ilin 1 yanvar tarixindən yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı da əlavə dəyər vergisindən azad edilib. Həmçinin elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə əlavə dəyər vergisindən azad olunub,” Dövlət Gömrük Komitəsi bildirib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 744 milyon ABŞ dolları dəyərində 55 min 199 müxtəlif təyinatlı avtomobil idxal olunub. Bunlardan 51 min 55-i minik, 8 min 999-u hibrid mühərrikli, 301-i isə elektrik mühərrikli avtomobillər olub. Ötən ilin həmin dövrü ilə müqayisədə ölkəyə gətirilən minik avtomobillərinin sayı 16, hibrid avtomobilləri 2.5 faiz azalsa da, elektromobillərin sayı 3.2 dəfə artıb.

Ekspertlərin fikrincə, hökumətin əsas hədəfini 2025-dək illik idxalın ən azı 50 faizinin hibrid və ya sırf elektriklə işləyən avtomobillərdən ibarət olmasına nail olmaq təşkil edir.

XS
SM
MD
LG