Accessibility links

Azərbaycan prezidenti İstanbulda törədilmiş partlayışda ölənlərlə bağlı başsağlığı verib


Ilham Əliyev (Arxiv foto, mənbə VOA)
Ilham Əliyev (Arxiv foto, mənbə VOA)

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də İstanbulun mərkəzində törədilmiş partlayış nəticəsində insanların həlak olması ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

“İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən olduqca sarsıldıq. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm,” Azərbaycan Prezidenti bildirib.

Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, İstanbul şəhərinin mərkəzində yerləşən Taksim meydanında baş verən partlayış nəticəsində ilkin məlumatlara görə 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

“Hadisə yerinin təhqiqatı tam sürətlə davam etdirilir,” o qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İstiqlal küçəsində baş verən hadisədə təqsirli bilinənlər layiq olduqları cəzanı alacaqlar.

“Dövlətimizin müvafiq qurumları bu xəyanətkar hücumu törədənlərin və onun arxasında duranların üzə çıxarılması istiqamətində fəaliyyətini davam etdirir. Türkiyəni və türk millətini terrorla ələ keçirmək cəhdləri dünən olduğu kimi bu gün də, sabah da hədəfinə çatmayacaq,” Prezident Ərdoğan qeyd edib.

XS
SM
MD
LG