Accessibility links

Bakıda keçirilən 12-ci Avropa Film Festivalına Ukrayna filmi daxil edilib


Bakıda 12-ci Avropa Film Festivalı başlayıb
Bakıda 12-ci Avropa Film Festivalı başlayıb

Noyabrın 14-də Bakıda 12-ci Avropa Film Festivalı başlayıb.

Festival Çexiya istehsalı olan “Sahiblər” ekran əsərinin nümayişi ilə başlayıb.

Bu film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Aİ-yə üzv dövlətlərin Azərbaycandakı səfirlikləri, “Landmark” Biznes Mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsi ilə əməkdaşlıq çərçivəsində təşkil edilib.

Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film sənayesi vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir.

Çexiyanın Azərbaycandakı səfirinin müavini Daniel Putik açılış mərasimində çıxış edib. O, filmin rejissoru və filmlə bağlı məlumat verib.

Tədbirin açılışında Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko isə vurğulayıb ki, bu, pandemiyadan sonra ilk film festivalıdır.

“Çox şadam ki, hər il keçirilən Avropa Film Festivalını biz bu il böyük ekranlara geri gətirə bildik. Bu, “Avropa Komandası” çətiri altında Aİ və Aİ-yə üzv dövlətlərin Azərbaycanda ənənəvi və tanınmış təşəbbüslərindən biridir. Biz azərbaycanlı tamaşaçılara Avropanın ən yeni filmləri, mədəniyyəti və dəyərləri haqqında daha çox məlumat əldə etmək, müzakirələrdə iştirak edib əlaqələr qurmaq imkanı vermək istəyirik,” Peter Mixalko bildirib.

Bundan əlavə diplomat Ukrayna - Rusiya müharibəsinə də toxunub.

Onun sözlərinə görə, Ukrayna hələ Aİ-nin üzvü olmasa da, Avropa ailəsinin bir hissəsidir.

“Ukrayna öz azadlığı, suverenliyi uğrunda Rusiyanın təcavüzkar müharibəsinə qarşı döyüşür," o qeyd edib.

Peter Mixalkonun sözlərinə görə, proqrama Avropa İttifaqına üzv olan 11 ölkədən (Çex Respublikası, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Latviya, Litva, Macarıstan, Rumıniya, Slovakiya, İsveç) və Ukraynadan 12 filmin nümayişi daxildir.

Festivalda Avropa kinematoqrafiyasının ən son tendensiyaları nümayiş olunacaq. Dram, komediya, tarixi, sənədli və s. janrlarda filmlər nümayiş etdiriləcək.

2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində indiyədək 158 film nümayiş olunub.

XS
SM
MD
LG