Accessibility links

MI5 rəhbəri: Rusiya, Çin və İran Böyük Britaniya üçün böyük təhlükədir


Böyük Britaniyanın daxili kəşfiyyat rəhbəri çərşənbə günü bildirib ki, Britaniya Rusiya, Çin və İran üçlüyünün böyük təhlükəsizlik təhdidləri ilə üz-üzədir və onların hamısı öz maraqlarını həyata keçirmək üçün məcburiyyət, hədə-qorxu və zorakılıqdan istifadə edir.

MI5-in baş direktoru Ken Makkallum Britaniya səlahiyyətlilərinin Rusiyanın təcavüzü və Çinin artan iddialılığı ilə bağlı xəbərdarlıqlarına əlavə edib. O, həmçinin İranı artan narahatlıq kimi qeyd edib və deyib ki, Böyük Britaniya rəsmiləri bu il "rejimin düşməni kimi qəbul edilən Britaniya və ya Böyük Britaniyada yaşayan şəxslərin qaçırılması və ya hətta öldürülməsi" üçün ən azı 10 "potensial təhlükə" aşkarlayıb.

Onun sözlərinə görə, İranın kəşfiyyat xidmətləri həm Qərb torpaqlarında, həm də insanları İrana cəlb etməklə opponentlərə qarşı “ehtiyatsız addımlar atmağa hazırdır”.

Keçən həftə Böyük Britaniya hökuməti İranı Britaniyada işləyən jurnalistləri təhdid etməkdə ittiham edərək, Tehranın Londondakı baş diplomatını töhmətləndirmək üçün çağırıb.

Böyük Britaniyada yerləşən fars dilli peyk xəbər kanalı İran İnternational bildirib ki, Britaniya polisi iki jurnalistə “onların və ailələrinin həyatı üçün qaçılmaz, etibarlı və əhəmiyyətli risk” barədə xəbərdarlıq edib.

Həm düşmən dövlətlərin, həm də terror qruplarının Böyük Britaniyaya qarşı əsas təhdidlərini əks etdirən çıxışında Makkallum deyib ki, Rusiya, Çin və İranın "güclərini birləşdirərək" bir-birinə kömək edə bilməsi riski var.

Onun sözlərinə görə, Ukraynanın işğalından sonra Rusiyanın casusluq imkanlarına "əhəmiyyətli strateji zərbə" vurulub ki, bunun nəticəsində Rusiyanın Avropadakı nümayəndəliklərində diplomatik pərdə altında işləyən 400, o cümlədən Böyük Britaniyadan 23 casus qovulub.

XS
SM
MD
LG