Accessibility links

Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan Orta Dəhlizdə vahid strategiya üzərində işləyir


Taleh Ziyadov (Rəsmi foto, mənbə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC)
Taleh Ziyadov (Rəsmi foto, mənbə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC)

Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Özbəkistan Orta Dəhlizdə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) infrastrukturun və sənədləşmənin rahatlığı üçün vahid strategiya üzərində işləyir.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov bildirib ki, bütün dövlətlər Orta Dəhlizin əhəmiyyətini başa düşür.

"İnfrastrukturu olan ölkələr Orta Dəhlizdə aktiv olaraq işləyəcəklər. İnfrastrukturu olmayan ölkələr isə bu dəhlizdən yan keçəcəklər. Orta Asiya ölkələri, bizim qonşularımız infrastrukturun hazırlanması üçün ciddi işlər görür" , o qeyd edib.

Taleh Ziyadovun sözlərinə görə, Azərbaycan son on il ərzində infrastruktur işlərini görüb.

"Ölkəmizin həm müasir limanı, həm də hava limanları və gəmiləri var. Ancaq bizim də görəcəyimiz işlər var və bu istiqamətdə müvafiq tapşırıqlar verilib. Bundan sonrakı işlər qonşu dövlətlərlə infrastrukturun inteqrasiyasıdır. Elə bir şərait yaradılmalıdır ki, bir konteyner bir ölkədən digərinə elə keçməlidir ki, hiss edilməməlidir ki, bu konteyner başqa ölkədən keçir" , o belə düşünür.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevralında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə" prinsipi tətbiq olunur.

2020-ci ilin dekabrından Türkiyədən bu dəhlizlə Çinin Sian şəhərinə Azərbaycan üzərindən konteyner qatarları göndərilir. Bu marşrut başqalarına nisbətən sürət və qiymətlər baxımdan sərfəli olduğu üçün bazarda tezliklə rəğbət qazanıb.

XS
SM
MD
LG