Accessibility links

Məhkəmə "Müsəlman Birliyi Hərəkatı"nın üzvünü həbsdə saxlayıb


Şahin Qədirli (Foto Müsəlman Birliyi Hərəkatı tərəfindən təqdim edilib)
Şahin Qədirli (Foto Müsəlman Birliyi Hərəkatı tərəfindən təqdim edilib)

Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsi "Müsəlman Birliyi Hərəkatı"nın üzvü, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ittiham olunan Şahin Qədirli barəsində həbs-qəimkan tədbirinin dəyişdirilməsi barədə şikayəti təmin etməyib.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, istintaqın məlumatında ondan 7 qram metamfetamin aşkar edildiyi bildirilir. Qədirli ittihamı rədd edir.

Vəkil ittihamın əsassız olduğunu deyib. İşdə bildirilir ki, Qədirli narkotik maddəni "satış məqsədilə" əldə edib, lakin onun narkotik maddə alverilə məşğul olmasına dair heç bir sübut yoxdur.

Vəkil onu da qeyd edib ki, Qədirli saxlanılandan sonra doğmaları ilə əlaqə saxlamasına, öz seçdiyi vəkili dəvət etməsinə imkan verilməyib.

"Səkkiz gün ərzində ailəsinə onun saxlandığı yer barədə məlumat verilməyib. Yalnız bu gün məhkəmədə məlum olub ki, istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Dövlət Təhlükəsizliyi Xidmətinə verilib. Qədirli isə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında saxlanılır" , vəkil deyib.

Vəkil qeyd edib ki, narkotik maddələrlə bağlı cinayət işlərinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin yox, polisin səlahiyyətinə daxildir.

Müdafiə tərəfi həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldıracaq.

"Müsəlman Birliyi Hərəkatı"nın üzvü Şahin Qədirli noyabrın 23-də işdən evə qayıdan zaman avtobus dayanacağında naməlum şəxslər tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.3.4-cü maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) ilə cinayət işi açılıb, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

"Müsəlman Birliyi Hərəkatı" inanclı Şahin Qədirlinin həbsini hərəkata qarşı təzyiq kimi dəyərləndirir.

XS
SM
MD
LG