Accessibility links

Taleh Bağırov saxlanıldığı koloniyanın dəyişdirilməsini tələb edir


Taleh Bağırov (Arxiv foto, mənbə VOA)
Taleh Bağırov (Arxiv foto, mənbə VOA)

Müsəlman Birliyi Hərəkatının lideri Taleh Bağırov həbsxanada aclıq aksiyasını davam etdirir və başqa koloniyaya köçürülməsini tələb edir.

Bu barədə dekabrın 3-də 12 saylı cəzaçəkmə müəssisəsində Bağırova baş çəkmiş vəkil Fəxrəddin Mehdiyev məlumat verib.

"Taleh Bağırov bildirib ki, 2014-cü ildə bu koloniyada cəza çəkəndə də rəis müavini ona problemlər yaradıb, onu “vətən xaini” adlandırıb. İndi də Qobustan qapalı həbsxanasından köçürüləndən sonra onu təhqir edib" , vəkil bildirib.

Bağırov "növbəti təxribatların qarşısını almaq üçün" başqa koloniyaya köçürülməsini tələb edir. Mehdiyev bildirib ki, Bağırov tələbi yerinə yetirilənə qədər həkimlərin köməyindən, telefon zənglərindən və vəkillərin ona müraciətindən imtina edir.

Eyni zamanda 9 gündür aclıq aksiyasını davam etdirən Bağırovun vəziyyəti pisləşir.

"Onun hərarəti, titrəməsi, şiddətli baş ağrıları var" , Mehdiyev bildirib.

Bağırovun tələbinin nə dərəcədə əsaslı olduğu sualına vəkil müsbət cavab verib.

"Qanunvericiliyə görə, məhkum cəzasını yaşayış yerinə ərazi baxımından ən yaxın koloniyada çəkməlidir. Taleh Bağırov Bakının Yasamal rayonunda qeydiyyatdadır. Lakin şəhər daxilində üç koloniya olduğu halda, o, 25-30 kilometr aralıda yerləşən 12 saylı cəzaçəkmə müəssisəsinə göndərilib. Bundan başqa, məhkumun başqa məhkumla və ya koloniyanın müdiriyyəti ilə münaqişəsi varsa, o da başqa yerə köçürülməlidir" , vəkil qeyd edib.

Müdafiə tərəfi hesab edir ki, Ombudsman və Beynəlxaql Qızıl Xaç Komitəsi bu məsələnin həllinə köməklik göstərə bilər və artıq bu strukturlara müraciətlər göndərilib.

Rəsmi dövlət qeydiyyatı olmayan Müsəlman Birliyi Hərəkatı 2015-ci il yanvarın 13-də təsis edilib. Hərəkat təsis edildikdən sonra qurumun onlarla fəalı həbs edilib. Hazırda hərəkatın lideri Taleh Bağırov daxil olmaqla, 10 nəfər funksioneri və fəalı həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli hökmü ilə Taleh Bağırov 19 il həbsə məhkum edilib. Məhkəmə hökmünə görə, o, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkib.

Taleh Bağırov və bir sıra digər inanclı insanlar 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatdan sonra həbs olunublar.

Həbs olunanlar Bağırovun təşkil etdiyi cinayətkar qrupda iştirakda ittiham olunub. Onlar Cinayət Məcəlləsinin terrorizm, qanunsuz silah saxlamaq, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə cəhd, polisə müqavimət göstərmək və başqa maddələri ilə günahkar bilinərək 12 ildən 19 ilədək həbsə məhkum ediliblər.

Müsəlman Birliyi Hərəkatı funksionerlərinin və fəallarının həbsini siyasi sifariş hesab edir.

XS
SM
MD
LG