Kreml qış mövsümü soyuqların düşməsi ilə göründüyü kimi Ukraynanın mühüm infrastrukturuna hücumları gücləndirir. Qərb ölkələri Rusiyanın Ukraynada müharibəni davam etdirmək üçün istifadə etdiyi neft gəlirlərini hədəf alaraq, Rusiyadan neft ixracına əlavə məhdiyyətlərlər tətbiq edir. Moskva bu addımları rədd edib.
Xersonda gecə artilleriya atəşlərindən sonra yanğınlar davam edir. Bundan öncə Rusiya qüvvələrinin işğalı altında olan bu şəhərə hücumlar bir neçə həftə əvvəl Ukrayna qüvvələrinin onu geri almasından sonra şiddətlənib. Təcili tibbi yardım işçiləri insanlara yardım göstərir.
Sakinlər sıfırdan aşağı temperaturda işıq, istilik və su olmadan yaşamaq məcburiyyəti qarşısındadır. Onlar çadırlarda telefonların batareyalarını doldurub internetə çıxış əldə edir. Geri çəkilən Rusiya qüvvələri burada mühüm infrastruktura zərər vurub, lakin ukraynalılar elektrik şəbəkəsinə enerjinin verilməsinin qismən bərpa olunduğunu deyirlər.
Qərb ölkələri Rusiya prezidenti Vladimir Putinin Ukraynada taktikasını pisləyib.
Antoni Blinken, ABŞ dövlət katibi: “O, qış dövründən silah vasitəsi kimi istifadə etməyə çalışır. İşıqları söndürün. İstiliyi söndürün. Ukrayna xalqını qış ayları gələn kimi qaranlıq və soyuğa düçar edin. Bu, həqiqətən də, barbarlıqdır”.
Bu yaxınlarda dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş 20 ölkəsinin liderlərinin sammitində iştirak etmək üçün İndoneziyada olan ABŞ prezidenti Co Bayden və Britaniya baş naziri Rişi Sunak Rusiyanın Ukraynaya qarşı müharibəsini barbarlıq adlandırıb və ona son qoymağa çağırıblar.
Eyni sammitdə Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanı müharibəyə son qoymaq üçün qeyri-real şərtlər tələb etməkdə ittiham edib.
Keçən həftənin sonu iqtisadiyyatı inkişaf etmiş ölkələrin Böyük Yeddilər Qrupu və Avstraliya birlikdə Rusiyanın Ukraynadan çıxması üçün yeni təzyiq göstərərək, Rusiya neftinin qiymətini bir barel üçün 60 dollar səviyyəsində məhdudlaşdırıb.
Reuters xəbər agentliyinin istinad etdiyi Rusiya baş nazirinin müavini Aleksandr Novak Moskvanın hasilatı hətta azaltmalı olsa belə, Qərbin qoyduğu qiymət limiti çərçivəsində neft satmayacağını bildirib.
Eyni zamanda, Ukraynanın Avropanın altı ölkəsində səfirlikləri və konsulluqları keçən həftə içərisində heyvan gözləri olan qanla dolu bağlamalar aldıqlarını bildirib.
İspaniyada isə polis ABŞ-ın Madriddəki səfirliyində tapılan şübhəli zərfi zərərsizləşdirib. Rusiya hücuma cəhdi pisləyib. Rəsmilər bombanın son vaxtlar paytaxt ətrafında göndərilən bir neçə bombadan biri olduğunu bildirib. Onlardan biri İspaniyanın baş naziri Pedro Sançesə göndərilərkən ələ keçirilib.
İspaniya rəsmiləri hələlik şübhəlilərin adlarını açıqlamayıb və təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Madriddə Ukrayna səfirliyinə göndərilən bağlamanın içərisindəki bomba paket daşınarkən partlayıb, hadisə nəticəsində bir nəfər yaralanıb. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hadisəni terror aktı kimi qiymətləndirib.
Təxminən 10 aya yaxın davam edən müharibə ərzində həm Ukraynada, həm də xaricdə müşahidəçilər Rusiyanın hərbi cinayətlərinin araşdırılmasına çağırıblar. Rusiya tərəfindən tez-tez atəşə tutulan Xarkov şəhərində rəsmilər gələcəkdə nəzərdən keçirmək üçün raketlər və hərbi sursat qəbiristanlığı yaradıblar. Rusiya Ukraynada mülki insanları hədəf aldığını inkar edir.