Accessibility links

İranla sərhəddə 40 kiloqrama yaxın narkotik maddə götürülüb


Azərbaycan Dövlət Sərhəd Xidməti İrandan gətirilən 40 kiloqrama yaxın narkotiki aşkar edərək götürüb.

Dekabrın 8-də Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, dekabrın 7-də Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında sərhədçilər İrandan külli miqdarda narkotik maddənin qaçaqmalçılıq yoluyla keçirilməsinə cəhdin qarşısını alıblar.

Məlumatda deyilir ki, əraziyə baxış zamanı 2 ədəd böyük bağlama aşkar edilib. Bağlamalarda 39 kiloqram 785 qram marixuana və 500 ədəd həb metadon həbi olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ümumilikdə Azərbaycanda dövriyyədən çıxarılan narkotik vasitələrin böyük hissəsinin İrandan gətirildiyi bildirilir. Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır.

İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, bu ilin doqquz ayı ərzində Azərbaycanda ümumi dəyəri 168 milyon 635 min manat (təxminən 99 milyon dollar) olan 4 ton 827 kiloqram, 2021-ci ildə isə ümumilikdə 6 tondan çox narkotik vasitələr və psixotrop maddələr qanusuz dövriyyədən çıxarılıb.

Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir. Bunlar İran - Azərbaycan, İran - Azərbaycan - Rusiya - Yaponiya, İran – Azərbaycan - Gürcüstan - Avropa, İran - Azərbaycan - Rusiya - Ukrayna marşrutlarıdır.

XS
SM
MD
LG