Accessibility links

Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir


Dekabrın 12-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.

Avropa İttifaqı Şurasının rəsmi məlumatına görə, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borelinin sədrliyi ilə keçirilən görüşdə altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) xarici işlər nazirləri və Aİ ölkələrindən həmkarlar qatılıb.

Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib

Məlumata görə, iclasda Avropa İttifaqının komissarı Oliver Varhelyi də iştirak edib.

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell twitter-də Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşünə toxunub.

“İllik 'Şərq Tərəfdaşlığı' XİN başçılarının görüşündə mən təklif edirəm ki, regional əməkdaşlıq üçün vasitə kimi genişlənmə prosesinə paralel olaraq "Şərq Tərəfdaşlığı" siyasətimizi davam etdirək.Biz təhlükəsizlik və müdafiə sahəsində işi gücləndirməli, təhlükəsiz, sabit və firavan Cənubi Qafqaz üçün fəaliyyətimizi davam etdirməliyik", Borrell qeyd edib.

Borrell həmçinin Rusiya-Ukrayna müharibəsinə də toxunub. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq müharibəsi Avropaya yenidən müharibə gətirib.

Avropa İttifaqı Şurasının rəsmi məlumatına görə, iclasda, həmçinin Avronest Parlament Assambleyası, Avropa Regionlar Komitəsi/CORLEAP, Avropa İqtisadi və Sosial Komitəsi, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu, həmçinin Avropa İnvestisiya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı da iştirak edəcək.

İclasda Şərq Tərəfdaşlığının gələcəyi, eləcə də təhlükəsizlik çağırışları və Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin bütün region üçün nəticələri müzakirə olunacaq. Aİ-Şərq Tərəfdaşlığı iştirakçıları ŞT-nin regionda sabitliyin və rifahın möhkəmləndirilməsinə necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparacaq.

Bundan əlavə iştirakçılar, həmçinin İqtisadi və İnvestisiya Planını müzakirə edəcəklər.

XS
SM
MD
LG