ABŞ Energetika Nazirliyi medianın federal bir laboratoriyanın nüvə sintezi tədqiqatında böyük bir mərhələyə çatdığı haqda məlumat verməsindən sonra bu həftə "böyük elmi irəliləyiş" elan edəcəyini bildirib.
The Financial Times (FT) bazar günü bildirib ki, Kaliforniyada yerləşən Lourens Livermor Milli Laboratoriyasının (LLNL) alimləri eksperimental istilik-nüvə reaktorundan "xalis enerji artımı" əldə edib.
Bu, ilk dəfə tədqiqatçıların sintez reaksiyasında proses zamanı istehlak ediləndən daha çox - Günəşi gücləndirən eyni növdə - enerji istehsal etdiklərini, sıfır karbon enerjisi axtarışında potensial olaraq böyük bir addım olduğunu ifadə edəcək.
Energetika Nazirliyi və LLNL nümayəndələri AFP agentliyinə FT qəzetinin məlumatı ilə bağlı şərh və ya təsdiq edə bilməyəcəklərini desə də, ABŞ-ın energetika naziri Cennifer Qranholmun çərşənbə axşamı "böyük elmi irəliləyiş elan edəcəyini" bildirib.
LLNL sözçüsü əlavə edib ki, onların "təhlilləri hələ də davam edir".
"Bu proses başa çatdıqdan sonra çərşənbə axşamı günü daha ətraflı məlumat paylaşmağı səbirsizliklə gözləyirik" - deyə, o qeyd edib.
FT ilkin nəticələrdən xəbərdar olan üç nəfərə istinad edərək bildirib ki, 120 faiz xalis enerji artımı yaradan sintez reaksiyası son iki həftə ərzində baş verib.
The Washington Post qəzeti daha sonra araşdırma ilə tanış olan iki nəfərin inkişafı təsdiqlədiyini bildirib.
Bir alim qəzetə deyib: "Çoxumuz üçün bu, yalnız vaxt məsələsi idi”.
İstilik-nüvə reaksiyası bəzi alimlər tərəfindən xüsusilə də az miqdarda tullantı və heç bir istixana qazı çıxarmadığı üçün gələcəyin potensial enerjisi hesab edilir.
"Əgər bu termonüvə enerjisi sahəsində irəliləyiş doğrudursa, bu, bütün dünya üçün oyunu dəyişdirə bilər," Kaliforniyadan Konqres üzvü Ted Lieu Twitter hesabında yazıb.
Sintez atom elektrik stansiyalarında hazırda istifadə edilən parçalanma metodundan birini parçalamaq əvəzinə iki atom nüvəsini birləşdirməklə fərqlənir.
LLNL termonüvə qurğusu istlik-nüvə reaksiyasına başlamaq üçün kiçik bir nöqtəni yüksək enerji ilə bombalayan üç futbol meydançası ölçüsündə təxminən 200 lazerdən ibarətdir.