Accessibility links

Kabildə otelə hücum nəticəsində 3 nəfər ölüb


Bazar ertəsi Əfqanıstanın paytaxtı Kabildə bir oteli hədəf alan bomba hücumunda azı 3 nəfər ölüb, ikisi əcnəbi olmaqla, 21 nəfər yaralanıb.

Əfqanıstan paytaxtının mərkəzindəki Şər-e Nou ticarət bölgəsindəki çoxmərtəbəli oteldə digərləri ilə yanaşı, bir neçə Çin vətəndaşı da qalır.

Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid üç silahlının günortadan sonra binaya basqın etdiyini və təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü deyib. O, heç bir əcnəbi sakinin ölmədiyini bildirib.

"Lakin iki əcnəbi qonaq canlarını xilas etmək üçün pəncərədən atılarkən xəsarət alıblar", Mücahid əlavə edib. O, ətraflı məlumat verməyib.

EMERGENCY kimi tanınan beynəlxalq humanitar təşkilat hücumun bölgədəki xəstəxananın təxminən bir kilometrliyində baş verdiyini bildirib.

"İndiyə qədər 21 itki aldıq - 3-ü çatanda artıq ölü idi" - deyə, İtaliyada yerləşən xeyriyyə təşkilatı ətraflı məlumat vermədən tweet edib.

Şəhər sakinləri bir neçə saat davam edən mühasirənin partlayışlardan sonra atışmalarla başladığını bildirib. Sosial şəbəkələrdə yayılan videolarda binanın bir hissəsində alov və tüstü əks olunub.

Hücumun məsuliyyətini hələ üzərinə götürən olmayıb və hədəfin Çin vətəndaşları olub-olmadığı da məlum deyil.

Zorakılıq Talibanın Çinin onlardan Kabildəki Çin səfirliyinin "təhlükəsizliyinə daha çox diqqət yetirməyi" xahiş etdiyini söyləməsindən bir gün sonra baş verib.

Çin səfiri Vanq Yu bazar günü Taliban xarici işlər nazirinin müavini Şer Abbas Stanikzai ilə görüşdə təhlükəsizlik məsələsini qaldırıb.

Keçən həftə iki silahlı şəxs Pakistanın Kabildəki səfirliyinə atəş açıb, diplomatik missiyanın rəhbərinə sui-qəsd cəhdi edib.

İslamabad rəsmilərinin bildirdiyinə görə, Pakistanın müvəqqəti işlər vəkili Ubaid-ur-Rəhman Nizamani sağ xilas olub, lakin onun pakistanlı mühafizəçisi sinəsindən güllə yarası alıb.

İslam Dövləti bildirib ki, hücum edənlər qrupun İslam Dövləti Xorasan (İŞİD-K) kimi tanınan regional qolunun üzvləridir.

Sentyabr ayında İŞİD-K terrorçu-kamikadzesi Əfqanıstanın paytaxtında Rusiya səfirliyinin girişində özünü partladıb. Həmin hücumda ikisi Rusiya səfirliyinin əməkdaşı da daxil olmaqla, altı nəfər həlak olub.

Taliban iddia edir ki, ABŞ və NATO tərəfdaşları ölkəni tərk etdikdən sonra keçən ilin avqustunda hakimiyyəti ələ keçirdikdən sonra münaqişədən əziyyət çəkən Cənubi Asiya ölkəsində təhlükəsizliyi təmin ediblər.

Lakin Talibanın Kabildə və Əfqanıstanın başqa yerlərində tez-tez baş verən partlayışlar və əsasən İŞİD-X terror qruplaşması ilə mübarizə qabiliyyətinə dair suallar doğurub.

Zorakılıqlar son bir ildə yüzlərlə insanın, o cümlədən Taliban və azlıqda olan əfqan şiə icmasının üzvlərinin ölümünə səbəb olub.
XS
SM
MD
LG