Accessibility links

Təbrizdə İnqilab Məhkəməsi daha iki vəkilə həbs cəzası verib


Sina Yusufi və Əmir Mehdipur
Sina Yusufi və Əmir Mehdipur

Təbriz İnqilab Məhkəməsi daha iki vəkil barəsində hökm çıxarıb. Vəkillər Sina Yusufi və Əmir Mehdipur barəsində 6 ay həbs, 2 il ölkədən çıxış qadağası və elektron cihazlarının müsadirə edilməsi hökmü çıxarılıb.

Son vaxtlar Təbrizdə insan haqları vəkillərinə qarşı basqıların artması fonunda Sina Yusufi, Əmir Mehdipur, Qasım Bodi və Negin Kiyani keçən oktyabr ayında nəzarət altına alınıb və bir müddət sonra zəmanətlə müvəqqti olaraq sərbəst buraxılıblar.

Qasım Bodinin həbs cəzasına məhkum edildiyinə dair xəbərlər daha əvvəl yayılmışdı. Amerikanən Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, oktyabr ayında nəzarət altına alınan digər vəkil Negin Kiyaninin məhkəmə iclası hələ təşkil olunmayıb.

Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusufi nəzarət altına alındıqdan bir neçə gün öncə Vəkillər Kollegiyasının İranda davam etməkdə olan kütləvi aksiyalar ilə əlaqədar həbs edilən vətəndaşlara dəstək üçün “müdafiə komitəsi” təşkil etdiyini açıqlamışdı.

Yusufi oktyabrın 12-də öz Twitter hesabından yayımladığı açıqlamada həmçinin kütləvi aksiyalar ilə əlaqədar təkcə Təbriz şəhərində 1700 vətəndaşın saxlanıldığını bildirmişdi.

Təbrizdən Amerikanın Səsinə məlumat verən mənbənin bildirdiyinə görə, “müdafiə komitəsinin” təşkilindən sonra Şərqi Azərbaycan Vəkillər Kollegiyasına basqılar olduqca artıb. 50-dən artıq vəkilə qarşı intizam işi açılıb.

İranda “İslam Respublikası nizamına qarşı təbliğat” və “milli təhlükəsizliyə qarşı fəaliyyət” kimi ittihamlar ilə üzləşən vətəndaşları müdafiə etməyi qəbul edən vəkillərin sayı olduqca azdır. Bu növ ittihamlarla suçlanan vətəndaşları müdafiə edən vəkillər isə təhlükəsizlik qüvvələrinin təhdid və basqılarına məruz qalırlar.

XS
SM
MD
LG