Accessibility links

Putin son on ildə ilk dəfə ənənəvi mətbuat konfransını keçirməyəcək


Rusiya prezidenti Vladimir Putin son on ildə ilk dəfə olaraq televiziya ilə yayımlanan ənənəvi ilin sonu mətbuat konfransı keçirməyəcək.

Bir neçə saat davam edən tədbir Putinin təqvimində yer alır və ona həm yerli, həm də xarici jurnalistlərin suallarını cavablandırmaq şansı verirdi.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında mətbuat konfransının "yeni ildən əvvəl" keçirilməyəcəyini deyib. Bununla belə, Peskov Putinin xarici səfərlər də daxil olmaqla, mütəmadi olaraq media ilə danışdığını qeyd edib və Rusiya prezidentinin hələ də jurnalistlərlə danışmaq imkanı tapacağını bildirib.

O, ənənəvi mətbuat konfransının nəyə görə keçirilməyəcəyini açıqlamayıb. Dekabrda Rusiyanın Ukraynada apardığı müharibənin 10 ayı tamam olur və Putin administrasiyası Moskvanın hərbi strategiyası ilə bağlı suallarla üzləşib.

Rusiya qüvvələri müharibənin əvvəlində Ukraynanın paytaxtı Kyivi ələ keçirə bilməyib və noyabrda cənubdakı Xerson şəhərindən geri çəkilməyə məcbur olub.

Putin hökuməti həmçinin rusiyalıların Ukraynada döyüşmək üçün kütləvi səfərbərliyi və onların lazımi təlim alıb-almaması sualları ilə bağlı tənqidlərlə üzləşib.

Keçənilki mətbuat konfransı dörd saat davam etmişdi və o zaman Putinə Ukrayna sərhədi yaxınlığında on minlərlə Rusiya əsgərinin cəmləşdirilməsi ilə bağlı sual verilmişdi.

Putin münaqişədən qaçmaq istədiyini, ABŞ və digər Qərb ölkələrindən təhlükəsizlik zəmanəti tələbini təkrarlamışdı.

XS
SM
MD
LG