Accessibility links

Hindistan Rusiya ilə tərəfdaşlıqda sabit qalır


Qərb ölkələrinin təzyiqlərinə baxmayaraq, Hindistan Ukraynada müharibəni pisləməkdən və Qərbin Moskvaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edərək, Rusiya ilə tərəfdaşlığa sadiq qalıb.

Bununla belə, analitiklərin fikrincə, bu, Hindistanın Birləşmiş Ştatlarla artan əlaqələrinə təsir etməyib və etməyəcək. Keçən ay Moskvaya səfər edən Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar demişdi ki, Yeni Dehli soyuq müharibə dövrünün müttəfiqi ilə iqtisadi əlaqələri gücləndirəcək.

"Rusiya bizim üçün davamlı və zamanın sınağından keçmiş tərəfdaş olub və dediyim kimi, uzun onilliklər ərzində münasibətlərimizin hər hansı obyektiv qiymətləndirilməsi onun hər iki ölkəmizə çox, çox yaxşı xidmət etdiyini təsdiqləyir," o deyib.

Yeni Dehli Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayıb və Birləşmiş Millətlər Təşkilatının Moskvanı təcavüzünə görə qınayan qətnamələrindən çəkilib.

Təhlilçilər deyir ki, Hindistan ordusu Rusiya mənşəli tanklar, döyüş təyyarələri və digər avadanlıqlardan çox asılı olduğundan Moskvanı təcrid edə bilməz, xüsusən də Çinlə gərginliyin artdığı bir vaxt.

"Əgər əsgərləriniz çinlilərlə qarşı-qarşıyadırsa, həqiqətən sizə silah verən bir ölkə ilə qarşıdurma yarada bilməyəcəksiniz. Hindistanın Rusiya ilə bölüşdüyü müdafiə əlaqələri Hindistanı daha praqmatik əlaqə seçməyə vadar edib" - deyə, Yeni Dehlidəki Observer Araşdırma Fondunun Tədqiqatlar və Xarici Siyasət üzrə vitse-prezidenti Harş Pant bildirib.

Qərb liderlərinin Rusiya xam neftini almamaq çağırışlarını rədd edən Hindistan Moskvadan neft, kömür və gübrə alışını artırıb.

Rusiya müharibə başlamazdan əvvəl bir faizdən az səviyyədən ilin sonuna qədər Yeni Dehlinin ən böyük neft tədarükçüsü olub. Hindistan rəsmiləri Moskvadan neft almağın ölkə üçün faydalı olduğunu və bundan sonra da alacağını bildiriblər.

Hindistan həmçinin avqust ayında Çin və bir sıra digər ölkələrlə birlikdə Rusiyanın genişmiqyaslı "Vostok" hərbi təlimlərində iştirak etmək üçün kontingent göndərib.

"Hindistan-Rusiya münasibətlərinin məsələn, onların enerji və müdafiə əlaqələri kimi hər ikisi üçün vacib olan tranzaksiya tərəfləri var və Hindistan öz milli maraqlarına uyğun qərarlar qəbul edəcək" - deyə, Jindal Beynəlxalq Münasibətlər Məktəbinin dekanı Sriram Çaulia bildirib.

Bununla belə, Ukrayna münaqişəsinin gərginləşməsi Yeni Dehlidə narahatlıq yaradır. Sentyabr ayında Baş nazir Narendra Modi Özbəkistanda keçirilən regional sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinə "bu, müharibə dövrü deyil" demişdi. O, dünyanın problemlərlə, o cümlədən inkişaf etməkdə olan ölkələrə xüsusilə təsir edən ərzaq və enerji çatışmazlığı ilə üzləşdiyini diqqətə çatdırmışdı.

Hindistan Xarici İşlər Nazirliyinin məlumatına görə, iki lider arasında son telefon danışığında Modi yenidən münaqişəyə son qoymaq üçün diplomatiya və dialoqa çağırıb. Maraqlıdır ki, Rusiya və Hindistan liderləri arasında müntəzəm olaraq keçirilən illik sammit bu il planlaşdırılmayıb.

Analitiklər Hindistanın Ukrayna münaqişəsindən çıxış yolu ilə bağlı danışıqlara kömək etmək istədiyini deyirlər və müharibənin qlobal iqtisadiyyata ağır zərbə vurduğuna işarə edirlər.
XS
SM
MD
LG