Accessibility links

Zelenski ABŞ Konqresinə: Ukrayna çökmədi, yaşayır və güclüdür


Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə günü Vaşinqtona səfərini ABŞ Konqresinin birgə iclasında emosional çıxışı ilə başa vuraraq bildirib ki, Ukraynanın mübarizəsi “övladlarımızın və nəvələrimizin hansı dünyada yaşayacağını müəyyənləşdirəcək”.

“Hər şeyə rağmən, bütün fəlakətlərə baxmayaraq, Ukrayna yıxılmadı. Ukrayna yaşayır və güclüdür” - deyə Zelenski bildirib.

O, ABŞ-a hərbi texnika və maliyyə dəstəyinə görə təşəkkür edib.

“Sizin maliyyəniz xeyriyyəçilik deyil” - deyə, Zelenski Konqresi əmin edib. “Bu, ən məsuliyyətli şəkildə yanaşdığımız qlobal təhlükəsizlik və demokratiyaya sərmayədir,” o əlavə edib.

O, nitqini Ukraynanın şərqində, Kyiv qüvvələrinin aylardır şiddətli döyüşlər apardığı Baxmut şəhərinin ukraynalı müdafiəçiləri tərəfindən ona verilmiş döyüş bayrağını Konqresə təqdim edərək yekunlaşdırıb.

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda Ağ Evdə mətbuat konfransı zamanı ABŞ prezidenti Co Baydeni dinləyir, 21 dekabr 2022.
Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda Ağ Evdə mətbuat konfransı zamanı ABŞ prezidenti Co Baydeni dinləyir, 21 dekabr 2022.

Bunun əvəzində Nümayəndələr Palatasının spikeri Nensi Pelosi ona çərşənbə günü Kapitoli binasının üzərində dalğalanan ABŞ bayrağını hədiyyə edib.

Bundan öncə ABŞ prezidenti Co Bayden Rusiyanın fevral ayında hərbi müdaxiləyə başlamasından sonra Ukraynadan xaricə ilk dəfə səfər edən Zelenskini Ağ Evdə qəbul edib. İki lider görüşdən sonra Ağ Evdə birgə mətbuat konfransı keçiriblər.

Mətbuat konfransının başlamasından əvvəl ABŞ prezidenti Ukrayna xalqının 300 gündür Rusiyanın təcavüzünə qarşı qəhrəmancasına müharibə apardığını qeyd edib. Bayden ABŞ, müttəfiqləri və dünya üzrə tərəfdaşlarının Ukrayna xalqına və Ukrayna silahlı qüvvələrinə göstərdiyi yardımı vurğulayıb.

“Rusiyaya qarşı presedenti olmayan sanksiyalar və ixraca nəzarət Kremlin amansız müharibəni aparmasını çətinləşdirir,” ABŞ prezidenti bildirib. “50-dən çox ölkə (Ukraynanı) 2000-ə yaxın tank və digər zirehli texnika, 800-dən çox artilleriya sistemi və 2 milyondan çox artilleriya sursatı ilə təchiz edib,” Bayden əlavə edib.

Öz növbəsində, Volodimir Zelenski ABŞ administrasiyasına Vaşinqtona bu tarixi səfəri etmək imkanına və Amerika xalqının Ukraynaya göstərdiyi böyük dəstəyə görə bir daha təşəkkürünü bildirib.

Zelenski qeyd edib ki, şəxsən prezident Baydenin və amerikalı qanunvericilərin dəstəyi onun ölkəsi üçün çox vacibdir. Zelenski ABŞ-ın yeni hərbi yardımının Ukrayna səmasının və Ukrayna şəhərlərinin müdafiəsi üçün böyük əhəmiyyətə malik olacağını deyib.

“Birləşmiş Ştatların bu investisiyasının hər bir dolları qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə yönələcək,” Ukrayna lideri qeyd edib.

Zelenskinin Vaşinqtona səfəri Konqresdə güc balansında dəyişikliklərin baş verməsindən əvvələ təsadüf edir. Yanvar ayında Konqresin Nümayəndələr Palatasına nəzarət edəcək Respublikaçılar Ukraynaya yardım məsələsini daha diqqətlə nəzərdən keçirmək niyyətində olduqlarını bildiriblər.

Ukrayna prezidenti mətbuat konfrasında ABŞ Konqresində balansın dəyişməsindən asılı olmayaraq, Ukraynaya və ölkənin azadlıq uğrunda mübarizəsinə dəstəyin davam edəcəyinə əmin olduğunu bildirib.

Ukraynada ədalətli sülhün perspektivləri ilə bağlı sualını cavablandıran Volodimir Zelenski bildirib: “Bir prezident kimi mənim üçün ədalətli sülh ölkəmin suverenliyi, azadlığı və ərazi bütövlüyü məsələsində güzəştə getmək deyil”.

Zelenskinin səfəri həmçinin ABŞ Müdafiə Nazirliyinin Ukraynaya 1,85 milyard dollar həcmində əlavə təhlükəsizlik yardımını ayırdığını elan etdiyi vaxta təsadüf edir. Bu yardıma Patriot hava hücumundan müdafiə sistemi üçün sursatlar, HIMARS artilleriya raket sistemləri üçün əlavə döyüş sursatları, raketlər, artilleriya və başqa sursatlar daxildir. Bu, prezident Baydenin 2021-ci ilin avqust ayından bəri səlahiyyət verdiyi 28-ci belə hərbi yardımdır.

Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə Ukraynaya yeni silahların tədarükünün münaqişəni dərinləşdirəcəyini və Rusiyanın Ukrayna ilə sülh danışıqları üçün heç bir şans görmədiyini deyib.

Sülh perspektivləri ilə bağlı Ağ Evdən də pessimist mesajlar gəlir. Administrasiyanın yüksək səviyyəli rəsmisi Moskvanın ciddi danışıqlar aparmaq niyyətində olmadığını və Baydenin Ukraynaya Rusiyanın başladığı müharibənin dayandırlması ilə bağlı danışıqlara başlaması üçün təzyiq göstərməyəcəyini deyib.

Rəsmi bildirib ki, Bayden bunun əvəzinə “Ukraynanı döyüş meydanında mümkün olan ən yaxşı mövqeyə gətirmək üçün Konqres və müttəfiqlərimizlə işləyəcək ki, vaxt gələndə onlar danışıqlar masası arxasında mümkün olan ən yaxşı mövqedə olsunlar”.

XS
SM
MD
LG