Prezident Volodimir Zelenski şənbə günü Milad bayramını qeyd edən ukraynalılara video müraciətində "Rusiyanın hücumları qarşısında boyun əymədən və meydan oxumaqla öz Milad möcüzələrini yaratdıqlarını" deyib.
"Biz müharibənin əvvəlində dözdük, hücumlara, təhdidlərə, nüvə şantajına, terrora, raket zərbələrinə tab gətirdik. Biz bu qışa dözəcəyik, çünki nə üçün mübarizə apardığımızı bilirik. Süfrəmiz dadlı olmaya bilər. Ətrafında boş stullar ola bilər. Evlərimiz, küçələrimiz bu qədər işıqlı olmaya bilər," o deyib.
Lakin o əlavə edib ki, Ukrayna xalqının yolu "inam və səbrlə işıqlanır".
Bazar günü səhər Reuters xəbər verib ki, Rusiya təyyarələrinin Belarusda havaya qalxmasına cavab olaraq, Kyivdə və Ukraynanın hər yerində hava hücumu sirenləri səslənib.
Rusiyanın cənubda Xerson şəhərini şənbə günü atəşə tutması nəticəsində azı 10 nəfər ölüb, 55 nəfər yaralanıb.
Raketlərdən biri Xerson şəhərinin mərkəzindəki supermarketin yaxınlığına düşüb. Bu haqda Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevski Telegram-da yazıb.
Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum zamanı 66 avtomobil yanıb.
Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü Telegram-dakı paylaşımında deyib ki, Rusiya "qorxutmaq və həzz almaq üçün insanları öldürür".
Ukraynanın müdafiə naziri Oleksii Reznikov tvitində bildirib ki, Xersonun mərkəzinin atəşə tutulması "nəinki növbəti hərbi cinayətdir, həm də işğala müqavimət göstərən və Xersonun Ukrayna olduğunu bütün dünyaya sübut edən sakinlərinin qisasıdır".