Accessibility links

İranın Ali Məhkəməsi reper Yasinin ölüm hökmünə qarşı apellyasiya şikayətini qəbul edib


İranın Ali Məhkəməsi reper Saman Seydi Yasinin edam hökmündən verdiyi apellyasiya şikayətini qəbul edib, baxmayaraq ki, o, başqa bir etirazçıya qarşı eyni hökmü təsdiqləyib.

Bərabərsizlik, zülm və işsizlik haqqında danışan kürd Yasin hökumət əleyhinə etirazlar zamanı təhlükəsizlik qüvvələrini öldürməyə cəhd, zibil qutusunu yandırmaq və üç dəfə havaya atəş açmaqda günahlandırılıb. O, bu ittihamları rədd edib.

Yasinin anası keçən həftə videoda oğlunu xilas etmək üçün kömək istəyib.

"Dünyanın harasında görmüsüz ki, sevilən birinin həyatını zibil qutusuna atıblar?" o, sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Məhkəmə əvvəlcə Yasin və başqa bir etirazçının şikayətlərini qəbul etdiyini bildirsə də, sonrakı açıqlamada Mizan xəbər agentliyi yalnız Yasinin şikayətinin qəbul edildiyini bildirib.

"İran Ali Məhkəməsinin ictimaiyyətlə əlaqələri xəbərinə düzəliş edib: "Məhəmməd Qobadlunun apellyasiya şikayəti qəbul olunmayıb... Saman Seydinin şikayəti Ali Məhkəmə tərəfindən qəbul edilib", agentlik bildirib.

Qobadlu etirazlar zamanı bir polis agentini öldürməkdə və avtomobili ilə beş nəfəri yaralamaqda ittiham olunurdu.

Sentyabrın ortalarında İslam Respublikasında qadınlar üçün sərt geyim qaydalarına əməl edən əxlaq polisi tərəfindən həbs edilən iranlı kürd qadın Məhsa Əmininin həbsdə ölməsindən sonra İranda iğtişaşlar başlayıb.

Dünən, etirazların 100-cü günü sosial mediada yayımlanan videolarda gecə nümayişlərinin paytaxt Tehran, Məşhəd şəhəri, Tehranın qərbindəki Kərəc və Kürdüstan əyalətinin mərkəzi Sənəndəcin də daxil olduğu bölgələrdə keçirildiyi göstərilir.

Onlarla nümayişçi "Diktatora ölüm" və "(Ali Lider Ayətullah Əli) Xameneiyə ölüm!" şüarları səsələndirib.

Reuters videoları hələ yoxlaya bilməyib.

XS
SM
MD
LG