Accessibility links

BMT Talibana xəbərdarlıq edib


Birləşmiş Millətlər Təşkilatı Əfqanıstandakı nümayəndəsinin Talibana böhran içində olan ölkənin daha da təcrid olunmasının qarşısını almaq üçün qadın və qızların iş və təhsil qadağalarını ləğv etməsi üçün təzyiq göstərdiyini bildirib.

BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) rəhbəri vəzifəsini icra edən Markus Potzel Kabildə Talibanın daxili işlər naziri Siracuddin Həqqani ilə görüşündə ona beynəlxalq ictimaiyyətin çağırışını çatdırıb.

"Əfqan qadınları və yardım işçilərinə tətbiq edilən qadağa daha böyük iqtisadi səfalət yaradan humanitar böhranı dərinləşdirəcək və Əfqanıstanın təcridini daha da artıracaq", UNAMA görüşdən sonra Twitter-də yazıb.

Keçən ilin sonlarında yalnız kişilərdən ibarət Taliban administrasiyası milli və xarici qeyri-hökumət təşkilatlarına (QHT) İslami hicab geyinmədiyi və işdə məcburi gender seqreqasiyasını pozduğu iddiası ilə əfqan qadın işçilərini dərhal işdən çıxarılmasını əmr etmişdi.

Qlobal birlik bu addımı tez bir zamanda pisləyərək, bunun bütün əfqanlar üçün "dərhal həyati təhlükəsi olan nəticələrə" səbəb olacağını bildirmişdi.

Həqqani ofisi görüşdən sonra verdiyi bəyanatda Potzelin qızların təhsili və digər məhdudiyyətlərin tətbiqi ilə bağlı narahatlığını bölüşdüyünü təsdiqləyib.

Bəyanatda nüfuzlu Taliban nazirinin BMT nümayəndə heyətinə "problemlərin həlli üçün səy göstərildiyini" və “şəriət qaydalarına və xalqımızın mədəniyyətinə uyğun gələn ağlabatan və daimi həll yolu üzərində işləndiyini" dediyini sitat gətirilib.

Həqqani iddia edib ki, Taliban rəhbərliyi "xalqın rifahını düşünür və buna sadiqdir".

Qadın yardım işçilərinə qoyulan məhdudiyyət BMT-ni bəzi "vaxt baxımından kritik" proqramları müvəqqəti olaraq dayandırmağa vadar edib və bir sıra böyük xarici QHT-lər yardıma ehtiyacı olan milyonlarla uşaq, qadın və kişiyə qadın işçilərin yardımı olmadan çata bilməyəcəklərini söyləyərək, öz fəaliyyətlərini dayandırdılar.

Taliban artıq Əfqanıstanın QHT qadağasını və qadınlara qoyulan digər məhdudiyyətləri ləğv etmək çağırışlarını rədd edərək, bunu daxili işlərinə qarışmaq kimi qiymətləndirib və İslam qanunları və ya şəriətə əsaslanan idarəetmənin onlara mandat verdiyini bildirib.

BMT-nin hesablamalarına görə, Əfqanıstanda təxminən 28 milyon insanın, əhalinin yarısından çoxunun, o cümlədən 14 milyon uşağın humanitar yardıma ehtiyacı var. Əfqanların təxminən 97%-i bu il yoxsulluq həddindən aşağı səviyyəyə düşmək riski altındadır, 5 yaşından aşağı 1 milyondan çox uşaq kəskin ərzaq çatışmazlığından əziyyət çəkir.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanı ələ keçirdikdən sonra qadınlara qarşı geniş məhdudiyyətlər tətbiq edib. Dekabrın 20-də qadın QHT işçilərinə qoyulan qadağa ərəfəsində sərt hökmdarlar qadın tələbələrin universitetlərə və digər ali təhsil müəssisələrinə daxil olmasını qadağan edib.

Mart ayında Taliban yeniyetmə qızların orta məktəblərə getməsinə yasaqladıqdan sonra bu addım faktiki olaraq ölkədə qızların təhsilinə tam qadağa qoyub. Taliban qadınlardan ictimai yerlərdə hicab taxmağı və kişi qohumunun müşayiəti olmadan müəyyən məsafədən kənara çıxan səyahətlərdən çəkinməyi tələb edir. Qadınların parklar, idman zalları və ictimai hamamlar kimi ictimai yerlərə getməsinə icazə verilmir.


XS
SM
MD
LG