Accessibility links

Rusiya Ukraynaya daha çox pilotsuz təyyarələrlə hücum edir


Yanvarın 3-də Ukrayna ordusunun gündəlik məlumatında deyilir ki, Rusiya ordusu son 24 saat ərzində Ukraynadakı əsasən mülki hədəflərə hücumları davam etdirib. Hücumlar Rusiya ordusunun Kyivin ən ölümcül zərbələrindən birində böyük itkilər verdiyini etiraf etməsindən bir gün sonra həyata keçirilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da bildirib ki, Ukrayna qüvvələri Xerson vilayətinin Çulakivka şəhərində Rusiya hərbi qüvvələrini hədəf alıb.
Ukrayna ordusunun məlumatına görə, dekabrın 31-də Ukraynanın keçirdiyi hərbi əməliyyatları zamanı 500-ə yaxın Rusiya hərbçisi ya ölüb, ya da yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 3-də gündəlik brifiniqdə Rusiya ordusunun 6 raket və 52 hava hücumu, eləcə də reaktiv yaylım atəş sistemlərindən 77 hücum təşkil etdiyini bildirib. Məlumatda deyilir ki, altı raket zərbəsinin hamısı və hava hücumlarından 30-u mülki infrastrukturu hədəf alıb.

Ukraynanın iddialarını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. Moskva isə Ukraynanın iddia edilən hərbi əməliyyatını açıq şəkildə şərh etməyib.

Bununla belə yanvarın 2-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukraynanın Şərqi Donetsk vilayətində rus əsgərlərinin yerləşdiyi obyektə hücumu nəticəsində 63 rus əsgəri həlak olub.

Ukrayna dekabrın 31-də Makiyivkada ölən rusların sayının yüzlərlə olduğunu bildirsə də, rusiyapərəst rəsmilər bunu şişirtmə adlandırıblar.

Müharibə zamanı məlumatlarının böyük ölçüdə etibarlı olan rus hərbi bloqçuları hücum zamanı obyektin yaxınlığında saxlanılan sursatların partladığını və çox sayda itkiyə səbəb olduğunu bildiriblər.

Digər tərəfdən Rusiyanın cənub-qərbində, Samarada insanlar yanvarın 3-də pravoslavların anım mərasiminə toplaşıblar.

AFP xəbər agentliyinin verdiyi məlumata görə, bəzilərinin əlində hakim Vahid Rusiya partiyasının bayraqları olan 200-ə yaxın adam toplaşarkən əsgərlər silahla salam veriblər.

Sosial mediada yayılan təsdiqlənməmiş məlumatlara görə, Makiyivkada ölənlərin çoxu bölgədən səfərbər edilmiş ehtiyatda olan hərbçilərdir.

Baş Qərargah həmçinin əlavə edib ki, Ukrayna qüvvələri Rusiya qüvvələri tərəfindən buraxılan 27 İran Şahed pilotsuz təyyarəsini də vurub.

Digər bir yerdə Rusiya hərbçiləri Donetsk vilayətindəki Drujkivkadakı buzlu xokkey arenasına raket zərbəsi endiriblər. Ukraynanın yüksək xokkey liqasının keçmiş çempionu Donbas xokkey klubu orada oynamışdı.

Sosial mediaya yüklənən videoda Altair Arenanın alov içində olduğu görünür.

Ukrayna prezidentinin köməkçisi Kirilo Timoşenko Telegram-da yazıb ki, Rusiyanın Drujkivkaya endirdiyi raket zərbəsi nəticəsində iki nəfər yaralanıb. O, həmçinin əlavə edib ki, digər bir Rusiya raketi yaxınlıqdakı Yakovlivka kəndini də vurub.

Yanvarın 2-də prezident Volodimir Zelenski deyib ki, Rusiya Ukraynanı “tükətmək” üçün İran istehsalı pilotsuz təyyarələrlə uzunmüddətli hücum kampaniyası planlaşdırır.

Zelenski gecə yaydığı videomüraciətində deyib ki, "Rusiyanın Şahed dronlarından istifadə edərək uzunmüddətli hücum planlaşdırdığı barədə məlumatımız var. Yəqin ki, bu, tükəndirməkdir. İnsanlarımızı, zenit müdafiə vasitələrimizi, enerjimizi tükəndirir".

XS
SM
MD
LG