Accessibility links

İsrailin ultra-millətçi naziri Qüdsdəki müqəddəs məkanı ziyarət edib


İtamar Ben-Qvir
İtamar Ben-Qvir

Ultramillətçi İsrail Nazirlər Kabinetinin naziri keçən həftə baş nazir Benyamin Netanyahunun yeni ifrat sağ hökumətində vəzifəyə gəlməsindən sonra ilk dəfə Qüdsün müqəddəs məkanını ziyarət edib. Bu səfər fələstinlilər tərəfindən təxribat kimi qiymətləndirilib.

Fələstin rəsmiləri 15 yaşlı bir uşağın işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusunun açdığı atəş nəticəsində öldüyünü bildirib. İsrail ordusu bəyan edib ki, onun qüvvələri əsgərlərlə şiddətli qarşıdurmada iştirak edən şəxsi güllələyib.

İtamar Ben-Qvir yəhudilərin Məbəd dağı, müsəlmanlar üçün isə Əl-Həram Əl-Şərif kimi tanınan əraziyə polis məmurlarının böyük bir kontingenti ilə daxil olub.

Əl-Əqsa məscidi
Əl-Əqsa məscidi

Ben-Qvir uzun müddətdir ki, müqəddəs yerə yəhudilərin daha çox gəlməsinə çağırıb. Əksər ravvinlər yəhudilərin orada dua etməsini qadağan də, son illər ibadəti dəstəkləyən yəhudilərin hərəkatı artıb. Məkan ötən ilin aprelində fələstinli etirazçılarla İsrail təhlükəsizlik qüvvələri arasında tez-tez toqquşmalara səhnə olub.

Ben-Qvirin bu həftənin əvvəlində saytı ziyarət etmək niyyəti silahlı Həmas qruplaşmasının təhdidlərinə səbəb olub.

Ben-Qvir səfərindən sonra Twitter-də yazıb ki, məkan "hamı üçün açıqdır və Həmas düşünürsə ki, təhdid etməklə məni çəkindirəcək, onlar zamanın dəyişdiyini başa düşməlidirlər".

Həmas sözçüsü Hazem Qassem deyib ki, Ben-Qvirin səfəri "sionistlərin müqəddəs yerlərimizə işğalçı təcavüzünün və ərəb kimliyimizə qarşı müharibənin davamıdır. Fələstin xalqı öz müqəddəs yerlərini və Əl-Əqsa məscidini müdafiə etməkdə davam edəcək" - deyə, o bildirib.

Uzun müddətdir Baş nazir Benyamin Netanyahunun ərəbdilli sözçüsü vəzifəsində çalışmış Ofir Gendelman Ben-Qvirin gedişindən sonra müqəddəs yerdə "vəziyyətin tamamilə sakit olduğunu" göstərən bir video yayımlayıb.

Ağlama divarı
Ağlama divarı
Təpə üstündəki ziyarətgah İslamda üçüncü ən müqəddəs yerdir və fələstinlilər üçün emosional simvoldur. Qədimdə iki yəhudi məbədinin yerləşdiyi Məbəd dağı yəhudilər üçün ən müqəddəs yerdir.

Müqəddəs məkanla bağlı iddialar İsrail-Fələstin münaqişəsinin mərkəzində yer alır və keçmişdə çoxsaylı zorakılıqlara səbəb olub.

Ben-Qvir ultramillətçi dini Yəhudi Gücü fraksiyasının rəhbəridir və fələstinlilərə qarşı qızışdırıcı ifadələr və hərəkətlərilə tarixdə yer alıb.

Bir gün əvvəl, keçən həftəyə qədər İsrailin baş naziri olmuş müxalifət lideri Yair Lapid Ben-Qvirin nəzərdə tutulan səfərinə qarşı çıxış edərək, bunun "insan həyatını təhlükəyə atacaq və insan həyatı bahasına başa gələcək zorakılığa gətirib çıxaracağını" deyib.

XS
SM
MD
LG