Accessibility links

Ned Prays: Biz Bəxtiyar Hacıyev və Tofiq Yaqublunu tez bir zamanda azad etməyə çağırırıq


FILE - State Department spokesperson Ned Price speaks during a media briefing at the State Department, July 7, 2021.
FILE - State Department spokesperson Ned Price speaks during a media briefing at the State Department, July 7, 2021.

"Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən və saxlanılmasından çox narahatıq. Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq".

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi ​Ned Prays yanvarın 9-də keçirilən ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda bildirib.

“Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviq edilməsinə qətiyyətlə sadiq qalırıq. Biz bir daha hökuməti öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc şəkildə fikirlərini ifadə etmək hüququna hörmət etməyə çağırırıq”, ABŞ Dövlət Departamentinin mətbuat katibi əlavə edib.

Bəxtiyar Hacıyev yanvarın 9-da həbsinin qanunsuz olduğunu hesab edərək, yenidən aclığa başlayıb.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib və 14 gün aksiyanı davam etdirib.

Dekabrın 20-də Xətai rayon Məhkəməsi ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə müraciətini təmin etməyib. Dekabrın 23-də Bakı Apellyasia Məhkəməsi də bu məhkəmə qərarından verilən şikayəti təmin etməyib.

Bundan sonra vəkillər yenidən ictimai fəalın barəsində seçilmiş həbs qətimkan tədbirnin ev dustaqlığı imkan tədbiri ilə əvəz edilməsi barədə Xətai rayon Məhkəməsinə müraciət edib. Dekabrın 29-da Xətai rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə yenə vəsatəti təmin etməyib. Vəkillər bu məhkəmə qərarından da apellyasiya şikayəti verib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Müdafiə Xətti hüquq müdafiə təşkilatının təşəbbüsü ilə fəallar dekbarın 23-də Bakının mərkəzində Hacıyevin həbsinə etiraz olaraq aksiya keçirib.

Tofiq Yaqublu isə dekabrın 23-də Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb.

Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnizbati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.

Tofiq Yaqublu məhkəmədə çıxışında həbs qərarını siyasi sifariş kimi qiymətləndirib. Yaqublu “Bəxtiyar Hacıyevə azadlıq” tələbi ilə keçirilən aksiyadan sonra həbs edilən yeganə şəxsdir.

Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublunun həbsindən verilən apellyasiya şikayətini təmin etməyib. O, məhkəmədə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində ailə üzvləri ilə görüşə icazə verilməməsinə, sovqatların qəbul edilməməsinə və məhkəmə qərarına etiraz olaraq aclıq elan etbiyini bildirib.

XS
SM
MD
LG