Accessibility links

ABŞ, Meksika və Kanada liderləri Mexikoda sammit keçirir


Ağ Evin bildirdiyinə görə, Kanada, Meksika və ABŞ liderləri çərşənbə axşamı Mexiko şəhərində bir araya gələrək regionda təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir.

Kanadanın baş naziri Castin Trüdo, Meksika prezidenti Andres Manuel Lopez Obrador və ABŞ prezidenti Co Bayden arasında üçtərəfli danışıqlar ABŞ və Kanada rəsmilərinin iqlim dəyişikliyi ilə mübarizə və Ukraynaya Rusiyaya qarşı mübarizədə dəstək yollarını müzakirə edəcəkləri iclasdan sonra keçiriləcək.

Bazar ertəsi miqrasiya, iqlim dəyişikliyi, ticarət və istehsal məsələləri ABŞ-Meksika danışıqlarının başlığı olub. Belə ki, ev sahibi Lopez Obrador daha çox kontinental inteqrasiyaya çağırıb.

"Hörmətli prezident Bayden, əminəm ki, siz humanist bir prezident, uzaqgörən bir prezidentsiniz. Qitəmizdə yeni inteqrasiya, iqtisadi-sosial inteqrasiya siyasətini başlatmaqdan daha yaxşısı ola bilməz" - deyə, Lopez Obrador iki liderin bazar ertəsi axşam ikitərəfli görüş üçün yüksək səviyyəli nümayəndə heyətləri ilə görüşü zamanı bildirib.

ABŞ prezidenti və həyat yoldaşı Cill Bayden bazar ertəsi Lopez Obrador və həyat yoldaşı Beatriz Qutierrez tərəfindən Milli Sarayda qarşılanıb. Axşam Bayden, Trüdo və Lopez Obrador həyat yoldaşları ilə birlikdə şam yeməyinə qatılıb.

Bazar ertəsi Lopez Obrador qitədə daha çox iqtisadi inteqrasiyaya çağırıb.

Ağ Ev danışıqların nüanslı və mürəkkəb olduğunu qeyd edib.

Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Mexikoda jurnalistlərə deyib: "Bunlar həssas söhbətlərdir, ən yaxşısı bağlı qapılar arxasında aparılır, lakin prezident bunu iqtisadi gündəminin əsas hissəsi kimi təqdim edir".

Sallivan, həmçinin deyib ki, bu sammitin şəxsi elementi var və tez-tez "3 Amiqos" sammiti kimi xatırlanır.

"Bu səfər prezident Bayden üçün prezident Lopez Obrador və baş nazir Trüdo ilə şəxsi əlaqələrini dərinləşdirmək üçün yaxşı fürsətdir. Dünən o, prezident Lopez Obradorla hava limanından şəhərə qayıtmaq fürsəti əldə etdi ki, bu da onlara indi dünyanı necə gördükləri, ağıllarında olanlarla bağlı təkbətək söhbət etmək şansı verdi. Düşünürəm ki, hər ikisi bundan çox şey əldə edib” - deyə, Sallivan əlavə edib.

Sallivan söhbətin təfərrüatlarını verməkdən imtina edib.

Bayden Meksika ilə sərhədi keçən minlərlə sənədsiz miqrant axınına birbaşa baxmaq üçün ABŞ-ın Texas ştatının El Paso şəhərinə səfər etdikdən sonra bazar günü gec saatlarda Meksikaya gedib. Bundan əvvəl, sərhəd şəhərinə səfəri zamanı Bayden Amerikanın giriş limanının körpüsündə dayanıb və orada Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları ilə görüşüb.

O, həmçinin iki Gömrük və Sərhəd Mühafizəsi agenti ilə birlikdə Texas şəhərini Ciudad Juarezdən ayıran ABŞ-Meksika sərhəddi divarının bir hissəsini gəzib. Mexikoya getməzdən əvvəl El Paso Dairəsi Miqrantlara Dəstək Mərkəzinə baş çəkib, yerli rəsmilər və icma liderləri ilə görüşüb.

XS
SM
MD
LG