Accessibility links

Giorgi Qogia: Tofiq Yaqublu və Bəxtiyar Hacıyev dərhal azad edilməlidir


Giorgi Qogia: Tofiq Yaqublu və Bəxtiyar Hacıyev dərhal azad edilməlidir
please wait

No media source currently available

0:00 0:07:52 0:00

Giorgi Qogia: Tofiq Yaqublu və Bəxtiyar Hacıyev dərhal azad edilməlidir

Beynəlxalq ictimaiyyət insan hüquqları fəalı Bəxtiyar Hacıyev və Müsavat partiyasının və Milli şuranın üzvü Tofuq Yaqublunun həbsi ilə bağlı narahatlığını ifadə edib və Azərbaycan hökumətini onları dərhal azad etməyə çağırıb. Birləşmiş Ştatlar insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsinə sadiq qaldığını bəyan edərək, Azərbaycan hökumətinin öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc şəkildə fikirlərini ifadə etmək hüququna hörmət etməyə çağırıb. Human Rıghts Watch insan hüquqlarını müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia Bəxtiyar Hacıyev və Tofuq Yaqublunun işi ilə bağlı narahatlığını bildirib və Azərbaycan hökumətinin onları dərhal azad etməli olduğunu deyib. O, Amerikanın Səsinə müsahibədə təşkilatın son hesabatı və Azərbaycanda insan hüquqlarının durumunu şərh edib.

Amerikanın Səsi: Birləşmiş Ştatlar Azərbaycan rəsmilərini müxalifət lideri Tofuq Yaqublu və insan haqları müdafiəçisi Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıb. Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik birfinqdə ABŞ-ın onların həbsi və saxlanmasından dərin narahatlıq keçirdiyini bildirib. Tofuq Yaqublu və Bəxtiyar Hacıyev hər ikisi aclıq aksiyası keçiriblər və Tofuq Yaqublu vəziyyəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib. Siz vəziyyəti izləyirsiniz, onların işi ilə bağlı nə söyləyə bilərsiniz?

Giorgi Qogia: Həqiqətən də Tofiq Yaqublu və Bəxtiyar Hacıyevlə bağlı baş verənlər narahatlıq doğurur. Bildiyiniz kimi, Tofiq Yaqublu dekabrın sonunda bundan bir neçə gün əvvəl Bəxtiyar Hacıyevin həbsinə etiraz edən zaman həbs edilib. Mən əvvəlcə Tofiq Yaqublunun işindən başlayacağam, bundan sonra isə Bəxtiyar Hacıyevin işindən danışacağam.

Tofiq Yaqubluya qarşı inzibati məcəlləyə istinadən itaətsizlik göstərmək və xırda xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb və o, 30 sutka müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanda inzibati məhkəmə prosesləri formal xarakter daşıyır. Onlar əsas insan hüquqlarını pozurlar. Əslində, Tofiq Yaqublunun işi üzrə səlahiyyətli orqanlar tərəfindən irəli sürülən ittiham aktına görə, o, ictimai yerdə söyüş söyməyə başlayıb, daha sonra polis ondan dayanmağı tələb edəndə o bunu etməyib və hətta polisi vurub. Reallıq isə tamamilə fərqlidir. Əslində hadisənin şahidləri, o cümlədən yerli jurnalistlər deyirlər ki, Tofiq Yaqublunu mitinqə gələn kimi götürüblər. Buna baxmayaraq, onun barəsində 30 sutka inzibati həbs cəzası çıxarılıb və bu da dediyim kimi, Azərbaycanda formal xarakter daşıyır. Ona görə də o heç bir şərt qoyulmadan dərhal azadlığa buraxılmalıdır və ona hakimiyyətin heç bir müdaxiləsi olmadan etiraz etmək imkanı verilməlidir. Hakimiyyət isə uzun illərdir ki, Bakının mərkəzində sərbəst toplaşmaq kimi qadağan olunan fundamental hüquqa hörmət etməlidir. Bu, Tofiq Yaqublunun işi haqda.

Bəxtiyar Hacıyev ölkədə hüquq-mühafizə orqanlarının, hakimiyyətin dəfələrlə hücumlarına məruz qalmış digər tanınmış fəaldır. Bildiyiniz kimi, təkcə keçən il o, iki dəfə, o cümlədən özünün də qeyd etdiyi kimi, daxili işlər nazirliyi tərəfindən və məqsədli şəkildə oğurlanıb və ona hakimiyyətə qarşı tənqidi fikirlərini dayandırmaq tapşırılıb. Bu, ölkədə söz azadlığına, insan haqlarının müdafiəsi fəaliyyətinə birbaşa müdaxilədir. İndi o, saxta və siyasi motivli ittihamlarla məhkəməyəqədər həbsdə saxlanılır. Əslində, onun həbsdə saxlanması həm də beynəlxalq normaların pozulmasıdır, çünki bu həbs qətimkan tədbiri qayda deyil, istisna olmalı və konkret şəraitdə əsaslandırılmalıdır. Bəxtiyar Hacıyevin barəsində həbsqətimkan tədbirinin seçilməsinə haqq qazandıran heç bir şərait yox idi. O da həmçinin törətdiyi iddia edilən cinayətlə bağlı hər hansı etibarlı təhqiqata qədər azadlığa buraxılmalıdır.

Amerikanın Səsi: Human Rights Watch öz illik hesabatını açıqlayıb. Azərbaycanda vəziyyətlə bağlı çıxarılan əsas nəticələr nədən ibarətdir. Əsas tendensiyalar hansılardır və ölkədə hansı əsas problemlər qeyd edilir?

Giorgi Qogia: 2002-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti pis olaraq qalıb. Bildiyiniz kimi, keçən ilin may ayında siyasi motivli ittihamlarla həbsdə olan 20-yə yaxın şəxs amnistiya və əfv fərmanı ilə azad olunsa da ciddi irəliləyiş yoxdur. Əvvəla, onlar heç vaxt həbs edilməməli idilər. Buna baxmayaraq, Azərbaycanda daha azı 30 nəfər qanunsuz olaraq azadlıqdan məhrum edilib və bu belə qalır. Bildiyiniz kimi, Azərbaycanda tənqidçilər və digər müxaliflərin hədəf alınması davam edir. Biz elə indi Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun işlərindən danışdıq. Eyni zamanda, ölkədə məhdudlaşdırıcı qanunlar qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyəti qruplarının müstəqil fəaliyyətinə mane olmaqda davam edir. Builki hesabatda qəddar rəftar, işgəncə və buna görə cəzasızlıq, habelə ölkədə media azadlığına ciddi məhdudiyyətlər də daxil olmaqla sənədləşdirilmiş bir çox digər insan hüquqları, davamlı insan haqları problemləri var.

Amerikanın Səsi: Sizin təşkilatınız və siz özünüz artır bir neçə ildir Azərbaycana getmək imkanından məhrum edilmisiniz. Bu, ölkədə insan hüquqlarının durumuna necə təsir edir? İnsan hüquqlarını müdafiə təşkilatlarının nümayəndələrinin Azərbaycana qayıdıb işlərini davam etdirə biləcəklərinə ümid varmı?

Giorgi Qogia: Təəssüf ki, Azərbaycan beynəlxalq nəzarətə qapalı olaraq qalır, həm də daxili nəzarət üçün də qapalıdır və bu, onların ölkədə tənqidi səsləri təqib etməkdə davam etmələrinin səbəblərindən biridir. Bu, çox təəssüf ki, Azərbaycanın bir çox beynəlxalq öhdəliklərinin pozulmasıdır. Bilirsiniz ki, mən şəxsən illər əvvəl hava limanında saxlanılıb, təxminən 30 saatdan sonra ölkədən çıxarılmışam. Çoxsaylı səylərimə və rəsmilərlə əlaqə saxlamağıma baxmayaraq, geri qayıda bilməmişəm. Lakin biz fiziki olaraq ora gedə bilməsək də, Azərbaycanla çox yaxından işləməyə və vəziyyəti izləməyə davam edəcəyik. Amma bu, Azərbaycanın beynəlxalq öhdəliklərinin pozulmasıdır, çünki Azərbaycan insan haqlarının vəziyyəti ilə bağlı beynəlxalq nəzarətə qapalı olaraq qalır. Lakin bu o demək deyil ki, məlumat açıqlanmır. Bu o demək deyil ki, Azərbaycan nə istəsə edə bilər, çünki ölkəyə səfər edə bilmədən də məlumat əldə etmək və sənədləşdirməyin bir çox yolu var. Bütün bunlara baxmayaraq, mən həqiqətən ümid edirəm ki, Azərbaycan hakimiyyəti bu məsələni yenidən nəzərdən keçirəcək və beynəlxalq insan haqları müşahidəçilərini ölkəyə buraxacaq, müstəqil hüquq müdafiəsi fəaliyyətinə icazə verəcək və qanuni hüquq müdafiəsi işinin hakimiyyətin heç bir müdaxiləsi olmadan aparılmasına imkan verəcək.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG