Accessibility links

Hüquq müdafiəçisi: Azyaşlının saçının polis tərəfindən qırxıldığı barədə əsaslı şübhələr var


Polis əməkdaşı, şərti foto
Polis əməkdaşı, şərti foto

Yanvarın 18-də sosial şəbəkələrdə saçı qırxılmış azyaşlının görüntüsü yayılıb.

Azyaşlı olan şəxsin "Tik-Tok"da polisi təhqir etdikdən sonra bu vəziyyətə salındığı bildirilir.

"Müdafiə Xətti" Təşkilatının həmtəsisçisi, hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə açıqlamasında bildirib ki, həmin şəxsin başına gətirilmiş hadisənin polis tərəfindən törədildiyi barədə əsaslı şübhələr var:

Rüfət Səfərov, hüquq müdafiəçisi
Rüfət Səfərov, hüquq müdafiəçisi

"Azyaşlının elədiyi təhqiramiz çıxışla bu görüntülər arasında olan zaman intervalı çox qısadır, həm də əvvəlki çoxsaylı təcrübələrdən çıxış edərək deyə bilərik ki, bu gün linç mühakiməsi polisin faktiki olaraq funksional mahiyyətidir. Sanki polis özünə linç mühakiməsini də vəzifə kimi seçib. Bundan öncəki "üzr" videolarını xatırlayırıq, qanunvericilikdə, xüsusiylə də İnzibati Xətalar Məcəlləsində inzibati tənbeh kimi "üzr" videoları yoxdur, amma bundan istifadə edirdilər”.

Hüquq müdafiəçisi əvvəllər də polisin vətəndaşlara qarşı kifayət qədər sərt davrandığına dair çoxsaylı təcrübələrə sahib olduğunu deyib.

"Bu faktlar bizdə var, Azərbaycan cəmiyyətinə də bəllidir. Zaman-zaman polis vətəndaşlara qarşı işgəncə, pis rəftar, ləyaqəti alçaldan davranışlar, qeyri-insani rəftarlar tətbiq edib. Yəni əsaslı şübhədən çıxış edərək deyirik ki, bu, hansısa polis şöbəsində və ya idarəsində edilib. Təşkilat olaraq biz bu məsələylə bağlı araşdırma aparırıq. Rəsmi açıqlama isə inandırıcı deyil. Buyursunlar bu əməli törədən cinayətkarları ifşa eləsinlər və meydana qoysunlar. Baxmayaraq ki, bu edilsə belə inandırıcılıq yükü çox aşağı olacaq" - deyə, Səfərov bildirib.

Daxili İşlər Nazirliyinin KİV-lə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev
Daxili İşlər Nazirliyinin KİV-lə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev hadisənin polis tərəfindən törədildiyini təkzib edib və əməli özfəaliyyət adlandırıb:

"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz".

Hüquqşünas Səməd Rəhimli isə deyir ki, bu cür hərəkət azyaşlını alçaltmaq məqsədi ilə edilib və bu əməl pis rəftarın növü olan ləyaqətin alçaldılmasıdır. Hüquqşünasın sözlərinə görə, əgər azyaşlı foto və videosunun çəkilməsinə görə döyülübsə və ya buna məcbur edilibsə, yaxud digər formada fiziki zorakılığa məruz qalıbsa, bu da qeyri-insani rəftar hesab olunur.

"Ləyaqəti alçaldan rəftara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 293-cü maddəsində məsuliyyət nəzərdə tutulub. Həmin maddədə əgər əməl hüquq mühafizə orqanları tərəfindən törədilirsə Baş Prokurorluq mediada bu məlumatın yayılması əsasında bu cür araşdırmanı öz vəzifə borcuna görə həyata keçirməlidir. Əgər fakt təsdiqini taparsa cinayət işi başladılmalıdır, daha sonra isə işə məhkəmədə baxılmalıdır. Bundan əlavə, Daxili İşlər Nazirliyinin özü intizam icraatına başlamalıdır, əgər bu əməl polislər tərəfindən törədilibsə, daxili işlər orqanlarında xidmət keçmə haqqında əsasnaməni pozduqlarına görə onlar barəsində intizam tədbiri görülməlidir. İntizam məsuliyyəti isə daxili işlər orqanlarından xaric etmə olmalıdır, çünki ləyaqəti alçaldan rəftara görə töhmət və ya şiddətli töhmət əmələ görə yetərli cəza deyil".

Qeyd edək ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 293.1-ci (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) maddəsinə əsasən, əgər fakt öz təsdiqini taparsa əməli törədən şəxs 4000 manatdan 6000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Səməd Rəhimli, hüquqşünas
Səməd Rəhimli, hüquqşünas

Hüquqşünas bildirib ki, həmin şəxs cinayət işi açılarsa mülki iddia qaldıra bilər, cinayət işinin açılmadığı təqdirdə isə İnzibati Məhkəmədə məruz qaldığı ləyaqəti alçaldan rəftara görə həmin orqana qarşı kompensasiya ödənilməsi tələbi ilə iddia qaldıra bilər:

"Elşad Hacıyevin verdiyi açıqlama intizam icraatının maraqlarına uyğun açıqlama deyil. Daxili İşlər Nazirliyi məsələnin araşdırıldığı ilə bağlı açıqlama verməli idi, bu qədər qısa müddətdə intizam icraatı başlana bilməz. Onlar bu əməli törədən adamı müəyyən etməli idilər, daha sonra araşdırma aparılması üçün həmin şəxsi dəvət edib, izahat almalı idilər. Ondan sonra isə açıqlama verməli idilər ki, bu fakt təsdiq olunur, ya təkzib olunur. Bu əməlin polis tərəfindən edib-etmədiyi hər hansı araşdırma nəticəsində üzə çıxarılmayıb".

İctimai fəal Rüstəm İsmayılbəyli 13 oktyabr, 2021-ci ildə polis zorakılığına məruz qaldığını iddia edir, amma indiyədək bu məsələnin nəticəsinin olmadığını bildirib.

Rüstəm İsmayılbəyli, ictimai fəal
Rüstəm İsmayılbəyli, ictimai fəal

"İctimailəşdirəndən sonra Bakı Şəhər Baş Polis İdarəsinin İnspektor İdarəsinə dəvət olunmuşduq və idarənin rəisi bizə bildirmişdi ki, nazir Vilayət Eyvazov şəxsən məsələni nəzarətə götürüb və araşdıracaq. Ancaq artıq 15 ay keçsə də, hələ də heç bir nəticə yoxdur" - deyə, İsmayılbəyli deyir.

İctimai fəal hər hansı polisin cəzalandırılacağına ümidli yanaşmır:

"Cəzasızlığın səbəbi isə odur ki, heç bir polis nəfəri siyasi fəallara özbaşına toxunmur. Onlara xüsusi əmr gəlmədikcə, nəinki işgəncə vermirlər, heç kobud davrana bilmirlər. Əgər bu gün onların əmri ilə törədilən işgəncəyə görə hansısa polisi cəzalandırsalar, sabah digər polislər oxşar əmrləri icra etməkdən çəkinə bilərlər. Avtokratik rejimlərdə polis aparatı bu məntiqlə işləyir".

Öz növbəsində, Elşad Hacıyev Amerikanın Səsinə deyib ki, məsələ ilə bağlı araşdırma gedir, əlavə təfərrüatlar və nəticə ilə bağlı açıqlama veriləcək.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun Mətbuat Xidmətnin rəhbəri, hüquqşünas Saleh Hacıyev Amerikanın Səsinə açıqlamasında bildirib ki, hazırda bu məsələylə bağlı prokurorluğun mətbuat xidmətində bu barədə məlumat yoxdur.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG