Accessibility links

İran Azərbaycanında millət vəkilləri qaz qiymətinin kəskin bahalaşmasını tənqid edib


İran İslam Respublikası parlamenti
İran İslam Respublikası parlamenti

İran Azərbaycanı şəhərlərində havanın temperaturu kəskin şəkildə aşağı düşdüyü son vaxtlarda, ailələrin istifadə etdiyi təbii qazın qiymətinin neçə dəfə artması bildirilir. Bu barədə İran parlamentindəki millət vəkilləri hökuməti tənqid edib.

Şərqi Azərbaycan vilayətinin Sarab və Miyana şəhərlərinin nümayəndələri qışın ortasında və bu bölgələrdə xüsusilə kəndlərdə soyuq hava şəraitində qazın qiymətinin neçə qat artırıldığını tənqid ediblər.

Miyana şəhərinin parlamentdəki nümayəndəsi Seyid Murtaza Hüseyni bildirib ki, qaz müştərilərinə verilən fakturalar birdən-birə 200-300 tüməndən 2-6 milyon tümənə yüksəlib.

Yarı-rəsmi İSNA xəbər agentliyi də Sarab şəhərinin nümayəndəsinin bu şəhərdə qazın qiymətinin qəfil artması ilə bağlı hökuməti tənqid etdiyindən xəbər verib.

Sarab şəhərinin parlamentdəki deputatı Yusif Davudi deyib: "Ağır inflyasiyaya, malların və ərzaq məhsullarının yüksək qiymətlərinə baxmayaraq, indi ölkə misli görünməmiş soyuqla üz-üzədir, xüsusən də Azərbaycanın Sarab şəhəri kimi soyuq iqlimdə temperaturun mənfi 30 dərəcəyə çatdığı yerlərdə, inanılmaz bir şəkildə İran Milli Gaz şirkəti qazın qiymətini artırıb ki, bir çox aztəminatlı ailələr bu qiymətlərlə qaz pulunu ödəyə bilmir".

İran hökuməti ölkəni qazla təmin etməkdə ciddi problemlə üzləşib, bu yaxınlarda hakimiyyət vətəndaşlarından qaz istehlakına qənaət etməyi xahiş edir.

Ötən həftələrdə İran Milli Qaz Şirkətinin rəsmilərindən birisi qənaət etmək üçün insanlardan "evlərindəki qızdırıcılardan birini gündə 6 saat söndürməyi" xahiş etmişdi.

Müşahidəçilər deyirlər ki, çox güman ki, hökumət qaz istehlakını azaltmaq üçün qiymətinin bir neçə dəfə artırmasını həll yolu kimi qəbul edib.

İranda reformist cərəyanına yaxınlığı ilə tanınan Etemadonline saytı ölkədə qaz ehtiyacının təminində baş verən çatışmazlığın səbəbini sanksiyalardan asılı olduğunu irəli sürüb, dolayısı ilə hazırki vəziyyəti ölkədə fundamentalistlərin siyasətlərinin nəticəsi kimi dəyərləndirib.

"Sanksiyalar ölkəyə yeni texnologiyaların daxil olmasına mane olub və digər ölkələr də İranın qaz və neft-kimya sənayesində sərmayə qoymağa maraqlı deyil."-deyə Etemadonline qeyd edib.

İran dünya ölkələri arasında neft və qaz ehtiyatları ilə zəngin ikinci ölkə kimi tanınsa da, öz ehtiyatlarının istismarı ilə bağlı ciddi problemlə üzləşib və mövcud ehtiyatlar daxili ehtiyaclara tam cavab vermir.

XS
SM
MD
LG